Vilayət Quliyev Macarıstanda təhsil almaq hüququ qazanmış azərbaycanlı tələbələrlə görüşüb

Vilayət Quliyev Macarıstanda təhsil almaq hüququ qazanmış azərbaycanlı tələbələrlə görüşüb
# 20 noyabr 2015 10:10 (UTC +04:00)

Bakı – APA. Azərbaycanın Macarıstandakı səfiri Vilayət Quliyev bu il bu ölkənin müxtəlif ali məktəblərinə qəbul olunmuş azərbaycanlı tələbələrlə görüş keçirib.

Səfirlikdən APA-ya verilən məlumata görə, görüş zamanı V. Quliyev səfirliyin fəaliyyəti, Azərbaycan-Macarıstan arasında mövcud olan ikitərəfli münasibətlər barəsində ətraflı məlumat verib.


60 tələbə qarşısında çıxış edən diplomat ölkələrimiz arasında siyasi, iqtisadi, mədəni və təhsil sahəsi üzrə əməkdaşlıq münasibətlərinin yüksələn xətlə inkişaf etdiyini bildirib, ötən ilin noyabr ayında Azərbaycan prezidentinin Budapeştə işgüzar səfəri və onun uğurlu nəticələri haqqında danışıb. İki ölkə arasında strateji əməkdaşlıq sazişinin imzalanmasını böyük uğur adlandıran V. Quliyev sazişin mövcud münasibətləri daha da möhkəmləndirəcəyinə əminliyini ifadə edib.

Səfir Ermənistanın işğalı altında olan tarixi Azərbaycan şəhərləri - Ağdam və Şuşa ilə Macarıstanın Tisavaşvari və Döndöş şəhərləri arasında qardaşlaşma sazişlərinin imzalanması barədə tələbələrə məlumat verib, bu sazişlərin Dağlıq Qarabağ həqiqətlərinin macar ictimaiyyətinə çatdırılması baxımından mühüm rol oynadığını vurğulayıb.


V. Quliyev Macarıstanda təhsil alan gəncləri Macarıstan cəmiyyətində daha fəal rol oynamağa çağırıb, ölkəmizi təbliğ etmək və iki ölkə, eləcə də xalqlarımız arasında əlaqələrin genişləndirilməsi istiqamətində fəaliyyət göstərməyin vacibliyini önə çəkib. Səfir tələbələri səfirliyin təşəbbüsü və dəstəyi ilə 2012-ci ildə yaradılmış Azərbaycan-Macarıstan Gənclər Təşkilatı ilə fəal əməkdaşlıq etməyə çağırıb.

Sonda tələbələrin təklifləri və problemləri dinlənilib, sualları cavablandırılıb. Görüş qarşılıqlı fikir mübadiləsi ilə başa çatıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR