Bu il Azərbaycan Dövlət İqtisad Universitetinə qəbul olan tələbələr yeni tədris standartları üzrə təhsil alacaqlar - FOTO

Bu il Azərbaycan Dövlət İqtisad Universitetinə qəbul olan tələbələr yeni tədris standartları üzrə təhsil alacaqlar - <span style="color: red;">FOTO
# 13 oktyabr 2014 07:55 (UTC +04:00)

Bakı. Könül Kamilqızı - APA. Azərbaycan Dövlət İqtisad Universitetinin (ADİU) rektoru yeni tədris ilində ali təhsil ocağına qəbul olunan I kurs tələbələri ilə görüşüb.

ADİU-nun mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, on fakültə ilə ayrı-ayrılıqda görüşən rektor tələbələrə universitet haqda ətraflı məlumat verib, yeni tədris ilində görülən işlərdən, tətbiq olunan yeniliklərdən danışıb.

Bildirib ki, ötən illərdən fərqli olaraq, bu il ADİU-ya qəbul olan tələbələr yeni tədris standartları üzrə təhsil alacaqlar. Bu standartlar tələbəyə dörd il ərzində iki ixtisasa yiyələnmək imkanı verir. Belə ki, ikinci kursu bitirən tələbə ADİU-nun başqa fakültəsinə də qəbul olub, ikinci ali təhsil ala bilər. Bu, tələbəyə əmək bazarında manevr etmək imkanı yaradacaq. Bununla bağlı universitetdə işçi qrup yaradılıb.

SABAH qruplarına yaradılan şərait haqda tələbələrə məlumat verən rektor bu tədris modelinin gələcəkdə bütün universitetə şamil olunacağını bildirib. Rektor universitetin ikinci tədris korpusunda aparılan texniki təchizat işləri haqda danışaraq bildirib ki, yeni quraşdırılan videokonfrans zalı vasitəsilə artıq tələbələrin dünyanın istənilən nüfuzlu universitetləri ilə əlaqə saxlamaq, müəllim və tələbə heyəti ilə fikir mübadiləsi aparmaq imkanı var. Universitetdə yaxın vaxtlarda elektron sənəd dövriyyəsinə keçiriləcək. Tələbələr arayışlarını dəhlizlərdə quraşdırılan xüsusi lövhələrdən sifariş edə biləcəklər. Bu, tələbələrin vaxta qənaət etməsinə kömək edəcək.

Görüşdə ADİU-da yeni qüvvəyə minən “Tələbələrin universitetdaxili intizam qaydaları”na da toxunan rektor vurğulayıb ki, universitetdə qaydalara nəzarət komissiyası yaradılacaq və qaydaları pozanlara qarşı müvafiq ölçü götürüləcək. Bu ildən ADİU-da idman dərslərinin ləğv olunduğunu bildirən rektor əlavə edib ki, universitetin bütün tədris korpusundakı idman zalları dərsdən sonra, bayram və istirahət günlərində tələbələrin ixtiyarındadır. Onlar asudə vaxtlarını bu zallarda keçirə bilərlər: “Biz istəyirik ki, tələbələrimiz savadlı və bacarıqlı olsun” deyən rektor, təhsilin keyfiyyətinin tələbələrin tələbləri əsasında formalaşdığını vurğulayıb. Bildirib ki, onlar öz təklif və iradları ilə bağlı universitetdə fəaliyyət göstərən “Qaynar xətt”ə müraciət edə bilərlər.

Sentyabrın 25-dən oktyabrın 10-dək ADİU-nun bütün tədris binalarında keçirilən görüşlərdə rektor tələbələri maraqlandıran sualları cavablandırıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR