Azərbaycanda ünvanlı sosial yardım alan ailələrin sayı 17,1% azalıb

Azərbaycanda ünvanlı sosial yardım alan ailələrin sayı 17,1% azalıb
# 13 oktyabr 2014 11:49 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Bu ilin oktyabrın 1-nə Azərbaycanda 112 092 ailəyə (491409 nəfər ailə üzvü) ünvanlı dövlət sosial yardımı təyin olunub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 17,1% (23 107 ailə) azdır.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən “APA-Economics”ə verilən məlumata görə, ünvanlı sosial yardımların bir ailəyə düşən orta aylıq məbləği isə 129,82 manatdan 137,67 manata yüksəlib. Hazırda ünvanlı dövlət sosial yardımı alan ailələrin 33 935-i tərkibində 3 və daha çox uşağı olan ailələrdir. Yardımla təmin olunan ailələrdə yaşı 18-dək ailə üzvlərinin sayı 247 879 nəfər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşadək ailə üzvlərinin sayı 5709 nəfər, 1 yaşadək ailə üzvlərinin sayı 4 982 nəfər təşkil edir.

Xatırladaq ki, ötən ilin sonlarından etibarən ünvanlı dövlət sosial yardımlarının təyinatında şəffaflığın və ictimai nəzarətin təmin olunması məqsədilə ünvanlı sosial yardım alan ailələrin siyahısı, habelə ünvanlı yardım almaq üçün tələb olunan sənədlərin siyahısı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) rəsmi internet saytının (www.mlspp.gov.az) üz səhifəsində yerləşdirilib. Hazırda ünvanlı sosial yardımların təyinatı prosesinin avtomatlaşdırılması istiqamətində ƏƏSMN tərəfindən müvafiq işlər aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR