Milli Azərbaycan Tarixi Muzeyinin “Azərbaycanlıların soyqırımı” bölməsində reekspozisiya işləri tamamlanıb

Milli Azərbaycan Tarixi Muzeyinin “Azərbaycanlıların soyqırımı” bölməsində reekspozisiya işləri tamamlanıb
# 31 mart 2015 09:18 (UTC +04:00)

Bakı. Cavid Zeynallı - APA. AMEA Milli Azərbaycan Tarixi Muzeyinin daimi ekspozisiyasında “Azərbaycanlıların soyqırımı” bölməsinin yenidən qurulması ilə bağlı işlər tamamlanıb.

Muzeydən APA-ya verilən məlumata görə, ekspozisiyada erməni şovinistlərinin azərbaycanlılara qarşı 1905-1906-cı illərdə, eləcə də 1918-ci ildə törətdikləri soyqırımlar əyani materiallar vasitələri ilə göstərilirdisə, yenidənqurma işləri ekspozisiyanın daha da zənginləşdirilməsi, əhatəli olması, Azərbaycan alimlərinin son dövrlərdə aşkar etdiyi yeni materialların əks olunmasını nəzərdə tutaraq aparılıb.

“1905-1906-cı illər hadisələri” və “Azərbaycan I Dünya müharibəsi illərində” bölmələri ilə tanış olan tamaşaçı “Azərbaycanlıların soyqırımı” bölməsinə daxil olur.

“Azərbaycanlılara qarşı ermənilərin törətdikləri soyqırımlar (1918-1920)”, “Bakıda 1918-ci il soyqırımı”, “Qubada 1918-ci il soyqırımı”, “Şamaxıda 1918-ci il soyqırımı” informasiya panellərində azərbaycanlıların soyqırımlarını sübut edən tarixi faktlar, müvafiq fotolar və tarixi sənədlərin surətləri verilib.

“Fövqəladə Təhqiqat Komissiyası” adlı informasiya panellərində Azərbaycan Cümhuriyyəti hökuməti tərəfindən azərbaycanlıların soyqırımlarını araşdırmaq məqsədilə yaradılmış komissiyasının fəaliyyəti əks olunub. İriölçülü fotopanellərdə FTK tərəfindən 1918-ci ildə çəkilmiş fotoşəkillərin surətləri verilib.

Ekspozisiyada olan bütün məlumatlar üç dildə - azərbaycan, rus, ingilis dillərində verilib. Hadisələrlə bağlı ətraflı məlumat almaq istəyənlər üçün ekspozisiyada qurulmuş sensor kompyuterində tarixi məlumatlar, fotoşəkillər, tarixi sənədlərin surətləri yerləşdirilib. Eləcə də monitorda “Azərbaycanlıların soyqırımı” fotolardan ibarət slayd-filmi nümayiş olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR