Rus dilində nəşr olunan “Ermənistan toponimi və Hayk xalqı: saxtalaşdırma mənbələri” kitabının təqdimatı keçirilib

Rus dilində nəşr olunan “Ermənistan toponimi və Hayk xalqı: saxtalaşdırma mənbələri” kitabının təqdimatı keçirilib
# 16 dekabr 2014 09:03 (UTC +04:00)

Bakı. Etibar Məmmədov - APA. Azərbaycan Milli Elmlər Akademiyasının İnsan Hüquqları İnstitutunun təşkilatçılığı ilə rus dilində nəşr olunan “Ermənistan toponimi və Hayk xalqı: saxtalaşdırma mənbələri” adlı kitabın təqdimatı keçirilib.

APA-nın məlumatına görə, institutun direktoru, Milli Məclisin deputatı Aytən Mustafayeva bildirib ki, kitabda göstərilən mövzular ermənilərin saxta tarixini sübut etmək baxımından yeni istiqamətlər verir: “Ermənilər bu il “soyqırım”ın 100 illiyini qeyd edəcəklər və biz də buna hazır olmalıyıq. Bu kitab bir alimin araşdırmasıdır. Belə kitablar yüzlərlə olmalıdır. Ümid edirəm ki, bu nəşrlər böyük işə öz töhfəsini verəcək. Ermənilər özlərini hayklar adlandırırlar. Hayklar haradan gəliblər, tarixləri necə olub, bu, çox qısadır. Bunların ermənilərə aidiyyəti yoxdur. Ermənilər həmişə başqa dövlətlərin tarixlərini mənimsəyiblər”.

AMEA-nın vitse-prezidenti, Ədəbiyyat İnstitutunun direktoru İsa Həbibbəyli deyib ki, 2015-ci il bütün Qafqaz üçün gərginliklər ili olacaq, çünki ermənilər özlərinin qondarma “soyqırım”ının 100-cü ildönümünü qeyd etməyə hazırlaşırlar: “Bu istiqamətdə artıq beynəlxalq təşkilatlara müraciətlər də var. Buna görə də bizim əks arqumentlərimiz sistemli olmalıdır”.

İ. Həbibbəyli qeyd edib ki, noyabrın 5-də AMEA-nın tərkibində Azərbaycanlılara Qarşı Soyqırımların Tədqiqi Komissiyası yaradılıb ki, bu komissiyanın fəaliyyəti ermənilərin azərbaycanlılara qarşı müxtəlif dövrlərdə törətdiyi soyqırımları sənədlərlə, faktlarla sübut edəcək: “Soyqırımla bağlı kitabların kataloqunu hazırlamaq istəyirik. Biz həm də bu istiqamətdəki nəşrlərimizin beynəlxalq təşkilatların ünvanlarına, kitabxanalarına göndərilməsinə çalışacağıq. Düşünürəm ki, gördüyümüz işlər faydalı olacaq”.

Sonra kitabın müəllifi Abbas İslamov məruzə ilə çıxış edib. O qeyd edib ki, kitabdakı məlumatlar faktlara, tarixi sənədlərə söykənir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR