Xan Şuşinskinin virtual muzeyinin təqdimatı keçirilib

Xan Şuşinskinin virtual muzeyinin təqdimatı keçirilib
# 29 aprel 2013 17:38 (UTC +04:00)

Bakı.Xanım Nağıyeva-APA. Bu gün Beynəlxalq Muğam Mərkəzində dahi muğam ustadı Xan Şuşinskinin virtual muzeyinin - memorial saytının (Khanshushuniski.az) təqdimat mərasimi keçirilib. APA-nın verdiyi məlumata görə, Rabitə və İnformasiya texnologiyaları Nazirliyinin maliyyə dəstəyi, Mədəniyyət və Turizm Nazirliyi, Xan Şuşinski Fondu və “Musiqi dünyası” jurnalının təşkilatçılığı ilə yaradılan sayt Azərbaycan, rus və ingilis dilində fəaliyyət göstərir.

Qonaqlar əvvəlcə virtual muzeydə muğam ustasının həyat və yaradıcılığı, fotoşəkilləri, audio, video yazıları, həmçinin bir çox xanəndələr haqqında məlumatlarla tanış olub.

Dahi sənətkarın oğlu Aslan Cavanşirov Azərbaycanın beynəlxalq səviyyədə tanındığı və ermənilərin milli-mədəniyyətimizi mənimsədiyi dövrdə belə bir virtual muzeyin yaradılmasının əhəmiyyətli olduğunu vurğulayıb.

Rabitə və İnformasiya nazirinin müavini Elmir Vəlizadənin sözlərinə görə, virtual muzey dizaynı və materialları ilə birlikdə ensiklopediyanı xatırladır. Nazir müavini muzeyin üç dildə fəaliyyət göstərməsini diqqətə çatdıraraq virtual muzeyin müxtəlif ölkələrdə rahat istifadə ediləcəyini söyləyib.

Azərbaycan Milli Konservatoriyasının rektoru Siyavuş Kərimi ölkə rəhbərliyi tərəfindən həyata keçirilən milli musiqi siyasətinin həm virtual, həm real dünyada uğurla davam etdirilməsi Azərbaycanın dünyaya inteqrasiyasının göstəricisi olduğunu deyib.

Təqdimat konsert proqramı ilə davam edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR