Dövlət əmlakı idarəçiliyinin təkmilləşdirilməsi ilə bağlı layihənin təqdimatı keçirilib

Dövlət əmlakı idarəçiliyinin təkmilləşdirilməsi ilə bağlı layihənin təqdimatı keçirilib
# 25 iyul 2014 12:24 (UTC +04:00)

Bakı. Musa Əhmədov – APA-Economics. Əmlak Məsələləri Dövlət Komitəsində dövlətə məxsus daşınmaz əmlakların idarə edilməsinin təkmilləşdirilməsi ilə bağlı layihənin təqdimatı keçirilib.

Komitədən “APA –Economics”ə verilən məlumata görə, təqdimatda dövlətə məxsus daşınmaz əmlakın idarə edilməsinin təkmilləşdirilməsi və səmərəli istifadə olunması sahəsində həyata keçirilən tədbirlərdən bəhs edilib. Bildirilib ki, bu tədbirlər Azərbaycan Respublikası Prezidentinin dövlət əmlakının qorunub saxlanılması və səmərəli istifadə edilməsinin təkmilləşdirilməsi ilə bağlı Fərmanına və həmin Fərmanla təsdiq edilmiş Dövlət Proqramına əsasən icra olunur.

Komitə rəsmisi qeyd edib ki, komitə tərəfindən görülən işlərlə yanaşı, Dünya Bankının dəstəyi ilə icra olunan “Daşınmaz Əmlakın Qeydiyyatı Layihəsi” çərçivəsində də dövlət əmlakı idarəçiliyinin müasir əsaslarla inkişaf etdirilməsi ilə bağlı tədbirlər həyata keçirilib. Belə tədbirləri nəzərdə tutan layihə ilə bağlı tələblər irəli sürülüb. Bu tələblər sırasında dövlətə məxsus daşınmaz əmlakın idarə edilməsi, qeydiyyatı, istifadəsi, özəlləşdirilməsi, icarəsi və qiymətləndirilməsinə dair ölkənin mövcud milli qanunvericiliyi hərtərəfli araşdırılması, dövlət qurumlarının qarşıdakı öhdəlikləri, perspektivlər və nəticələrin müəyyən edilməsi yer alıb. Beynəlxalq təcrübənin müqayisəli analizi nəticəsində müasir yanaşmalara əsaslanan təkliflərin, dövlət əmlakının istifadəsindən alınan gəlirlərin optimallaşdırılması, daşınmaz əmlak bazarında potensial gəliri olmayan və xüsusi təyinatlı əmlaklar barədə təkliflərin hazırlanması tələblər kimi qoyulub. Digər tələblərə dövlət əmlakı idarəçiliyi sisteminə dair hədəflər və modellər haqqında, dövlətə məxsus daşınmaz əmlakların hüquqi qeydiyyatı mexanizmlərinin təkmilləşdirilməsi barədə təkliflərin təqdim olunması aid olub. Bu tələblərin əks olunduğu layihənin icrası məqsədilə beynəlxalq məsləhətçi cəlb olunub.

Layihənin sonunda dövlətə məxsus daşınmaz əmlakların idarə edilməsinin təkmilləşdirilməsi ilə bağlı yekun hesabat hazırlanıb. Komitə rəsmisi çıxışında qeyd edib ki, yekun hesabatda müvafiq beynəlxalq təcrübəyə dair materiallar da əlavə edilməklə, dövlət əmlakı idarəçiliyi üçün gələcək addımlar barədə tövsiyələr və fəaliyyət planı əksini tapıb. Bu tövsiyələr və fəaliyyət planı özündə idarəetmə modeli, İKT və insan resursları, nəzarət və yoxlama, hesabat vermə və kommunikasiya, sərmayə siyasəti, standartlar və yeni idarəetmə yanaşmaları kimi elementləri birləşdirir.

Tədbirdə beynəlxalq məsləhətçi Robbert Faber layihənin təqdimatını edib və Hesabatda əks olunanları slaydlar vasitəsilə nümayiş etdirib. Beynəlxalq məsləhətçi çıxışında bildirib ki, layihə dövlət əmlakı idarəçiliyi sahəsində mövcud vəziyyətin təhlili, daşınmaz əmlakın optimal istifadəsi, nəzarət və monitorinq məsələləri, yekun nəticələr və tövsiyələri ehtiva edir. Əvvəlcə, dövlət əmlakının idarə edilməsinin təkmilləşdirilməsi sahəsində Azərbaycan Respublikasında mövcud vəziyyət təhlil edilib. Bu sahədə milli qanunvericilik nəzərdən keçirilib. Almaniya, Fransa, Hollandiya, İspaniya kimi inkişaf etmiş ölkələrin təcrübələri geniş şəkildə öyrənilib. Xarici təcrübənin müqayisəli analizi əmlak idarəçiliyində modern aspektləri, müxtəlif idarəetmə və xidmət modellərinin kombinasiyasını əhatə edib. Daha sonra Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən qoyulmuş tələblərə əsasən, əmlak idarəçiliyinin təkmilləşdirilməsi, dövlət əmlakının səmərəli istifadəsi və hüquqi qeydiyyatı, hədəflər və modellər, gəlirlərin optimallaşdırılması və xərclərin mükəmməl idarə olunması və gələcək addımlarla bağlı təkliflər hazırlanıb.

Qeyd edək ki, layihə ilə bağlı hazırlanmış konsepsiya Əmlak Məsələləri Dövlət Komitəsinin dövlət əmlakı idarəçiliyi sahəsində fəaliyyətinin gücləndirilməsi, şəffaflıq və effektivliyin artırılması, insan resurslarının sistemləşdirilməsi istiqamətində texniki dəstəyi təmin edir. Dövlət əmlakı idarəçiliyi ilə bağlı tədbirlər komitənin 2013-2017-ci illər üçün Beşillik Strategiya Planı və Biznes Planlarına uyğun olaraq həyata keçirilir. Həmçinin “Daşınmaz Əmlakın Qeydiyyatı Layihəsi” çərçivəsində həyata keçirilən digər fəaliyyətlər nəzərə alınır və nəticələr əlaqələndirilir.

Bildirilib ki, qeyd olunan bütün bu tədbirlər əmlak idarəçiliyində müasir tendensiyaların inkişafını, şəffaflıq və səmərəliliyi yüksək səviyyədə təmin edəcək, daşınmaz əmlak bazarını stimullaşdıracaq. Nəticədə etibarlı, şəffaf və effektiv dövlət əmlakı idarəçiliyi sisteminin formalaşmasına gətirib çıxaracaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR