Media nümayəndələri cəbhə bölgəsindəki orta məktəbdə olublar

Media nümayəndələri cəbhə bölgəsindəki orta məktəbdə olublar
# 24 oktyabr 2014 11:32 (UTC +04:00)

Qazax. Rəşad Süleymanov - APA. Azərbaycan Təhsil və Müdafiə nazirliklərinin təşkilatçılığı ilə bir qrup jurnalist Qazax rayonunun Ermənistanla sərhəd kəndlərində orta məktəblərin tədris prosesi ilə tanış olublar.

APA-nın məlumatına görə, jurnalistlər əvvəl Aslanbəyli kəndində yerləşən orta məktəbdə olub, Ermənistan silahlı qüvvələrinin bölmələri ilə üzbəüz yerləşən məktəbdə tədris prosesi, şagirdlərin davamiyyəti, tədris səviyyəsi ilə tanış olublar. Məlumat verilib ki, Aslanbəyli kəndi müharibədə 18 şəhid verib. Məktəbin məzunlarından 24 nəfər Azərbaycan Silahlı Qüvvələrində xidmət edir.

Daha sonra jurnalistlər məktəbdə Çağırışaqədərki hazırlıq fənnin tədrisi ilə tanış olublar. Məktəbin direktoru Dilqəm Məmmədov bildirib ki, kənddə hərbi hazırlığın tədrisi xüsusi əhəmiyyət daşıyır. Eyni zamanda bölgədə mina təhlükəsi nəzərə alınaraq, orta məktəbin aşağı siniflərində Mina Təhlükəsizliyinə dair Maarifləndirmə fənni tədris olunur.

Direktor Ermənistan ordusu tərəfindən atəşkəsin mütəmadi pozulmasının məktəbdə davamiyyətə təsir göstərmədiyini bildirib.

Daha sonra jurnalistlər Çaylı kəndində yerləşən orta məktəbdə olub, orada tədrislə maraqlanıblar.

Qazax rayon Təhsil Şöbəsinin müdiri Əhməd Dərgahquliyev isə jurnalistlərə bildirib ki, hazırda Ermənistanla sərhəddə Qazax rayonunun 17 orta məktəbi yerləşir. 7 məktəbin yerləşdiyi ərazi isə işğal altındadır. Bu il Qazax məktəblərindən ali məktəblərə imtahan verənlərin 53,56%-i ali məktəblərə daxil olub. Ərazilərin döyüş bölgəsinə yaxın olması burada hərbi hazırlığın yüksək səviyyədə tədrisini şərtləndirir və hər il onlarla qazaxlı gənc Azərbaycanın ali hərbi məktəblərinə daxil olur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR