Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı yeni mövsümü “Qarabağnamə” tamaşası ilə açıb

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı yeni mövsümü “Qarabağnamə” tamaşası ilə açıb
# 18 sentyabr 2015 17:16 (UTC +04:00)

APA-nın məlumata görə, tamaşanın nümayişindən əvvəl teatrın bədii rəhbəri-baş rejissoru, Xalq artisti Azərpaşa Nemət yeni mövsümün başlanması münasibətilə teatrın kollektivini və tamaşaçıları təbrik edib: "Bu gün bizim teatr üçün əlamətdar gündür. Bir neçə gün öncə Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Gəncədə yeni teatr mövsümü başladı. Bu gün həmçinin, bizim böyük bəstəkarımız Üzeyir Hacıbəyovun 130 yaşı tamam olur. Bu əlamətdar hadisələrin davamı kimi Akademik Milli Dram Teatrı da öz qapılarını teatrsevərlərin üzünə açıb”.

A.Nemət xalq artisti İlham Əsgərovun dünyasını dəyişməyini teatr sənəti üçün ağır itki kimi qiymətləndirib: “Bir neçə il əvvəl biz Yaşar Nurini, Siyavuş Aslanı və başqa sənət dostlarımızı itirdik. İlham Əsgərovun dünyasını dəyişməyi də bizim kollektivi çox sarsıtdı. Ona Allahdan rəhmət diləyir, yaxınlarına və doğmalarına səbr arzu edirik”.

Baş rejissor-bədii rəhbər əlavə edib ki, “Qarabağnamə” tamaşası Azərbaycan tarixinin böyük bir hissəsidir və Akademik Milli Dram Teatrının aktyorları da bu tamaşanın öhdəsindən məharətlə gəliblər. Sonda “Qarabağnamə” tamaşası nümayiş olunub.

Qeyd edək ki, tamaşada xalq artistləri Rafiq Əzimov, Firəngiz Mütəllimova, Ramiz Məlik, Hacı İsmayılov, Ramiz Novruz, əməkdar artistlər Kazım Abdullayev, Əli Nur, Elşən Cəbrayılov, Əjdər Həmidov, Sabir Məmmədov, aktyorlar Şəhla Əliqızı, Ləman İmanov, Sərdar Rüstəmov, Anar Heybətov, Əminə Babayeva, Rəşad Bəxtiyarov, Elnur Qədirov, Rada Nəsibova, Elnar Qarayev və Nigar Məmmədova çıxış ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR