Paşha Bank
Bank Of Baku

Deputat: Naxçıvandan xəstələrin Bakıya ödənişsiz gəlib-qayıtmasına imkan yaradılmalıdır

Fazil Mustafa

© APA | Fazil Mustafa

# 24 noyabr 2026 11:38 (UTC +04:00)

Naxçıvanda xəstəlikdən əziyyət çəkən insanların müalicə məqsədilə Bakıya bir dəfə ödənişsiz gəlib-qayıtmasına imkan yaradılmalıdır.

APA xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa bildirib.

Fazil Mustafa deyib ki, 2026-cı ilin büdcəsində Naxçıvana ayrılan dotasiya 198 milyon manat nəzərdə tutulub, bu isə ötən illə müqayisədə 6,4 faiz azdır: “Bu məsələ üzərində bir daha düşünməliyik. Orada iqtisadi canlanmanın təmin edilməsi və müxtəlif islahatların həyata keçirilməsi istiqamətində ciddi təşəbbüslər var. Yeni idarəedicilər də bu istiqamətdə fəal çalışırlar. Lakin bütün məsələlərin sonu gəlib yol probleminə çıxır. Yol açılmadıqca, hər hansı ciddi layihəni arzu olunan səviyyədə həyata keçirmək mümkün olmur.

Bununla yanaşı, Naxçıvanda sosial problemlər, xüsusilə də işsizlik məsələsi ciddi narahatlıq doğurur. Səhiyyə sahəsində də müəyyən çətinliklər mövcuddur. Kadrların böyük əksəriyyətinin Bakıda fəaliyyət göstərməsi Naxçıvanda tibbi xidmətlərin əlçatanlığına təsir edir. Nəticədə, xüsusilə müəyyən xəstəliklərdən əziyyət çəkən insanların müalicə üçün Bakıya gəlib-getməsi ciddi problemə çevrilir.

Bəzən insanlar müalicə almaqdan belə çəkinirlər. Çünki təyyarə bileti almaq, üstəlik, bir-iki nəfər müşayiətçi ilə birlikdə Bakıya gəlib müalicə olunmaq hər kəs üçün əlçatan deyil.

Ona görə də hesab edirəm ki, yollar açılana qədər Naxçıvana ayrılan dotasiyanın azaldılması doğru addım olmazdı. Bu məsələ üzərində bir daha düşünmək lazımdır. Hökumət digər imkanları da nəzərə alaraq, əksinə, dotasiyanın artırılması məsələsini nəzərdən keçirməlidir. Heç olmasa, xəstəlikdən əziyyət çəkən insanların müalicə məqsədilə Bakıya bir dəfə ödənişsiz gəlib-qayıtmasına imkan yaradılmalıdır. Bu, onların ən azı sağlamlıqlarını qoruması və normal həyatlarını davam etdirməsi baxımından mühüm dəstək olardı”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR