Qeyri-infeksion xəstəliklərə qarşı mübarizəyə dair Milli Strategiyanın ilkin layihəsi müzakirə olunub

Qeyri-infeksion xəstəliklərə qarşı mübarizəyə dair Milli Strategiyanın ilkin layihəsi müzakirə olunub
# 16 aprel 2013 10:44 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzində (İSİM) “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında nəzərdə tutulan qeyri-infeksion xəstəliklərə qarşı mübarizəyə dair 2013–2020-ci illəri əhatə edən Milli Strategiyanın ilkin layihəsinin müzakirəsinə həsr olunmuş dəyirmi masa keçirilib. APA-nın xəbərinə görə, tədbirdə Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin direktoru Ceyhun Məmmədov bildirib ki, strategiyanın məqsədi qeyri-infeksion xəstəliklərlə bağlı vaxtından əvvəl ölümün qarşısının alınması, həyat davamlılığının uzadılması, ölkənin əmək ehtiyatlarının və iqtisadi potensialının artmasına nail olmaqdır: “Bu strategiya Azərbaycanda qeyri-infeksion xəstəliklərin qarşısının alınması və nəzarəti üzrə 2013-2020-ci illər üçün ümumi strateji çərçivəni müəyyən edən sənəddir. Strategiyanın həyata keçirilməsi qeyri-infeksion xəstəliklərlə bağlı vaxtından əvvəl ölümün azalmasına və xəstəliklər yükünün əhəmiyyətli dərəcədə ixtisarına imkan yaradacaq. Strategiyanın məqsədi birgə və inteqrasiya olunmuş tədbirlər vasitəsilə qeyri-infeksion xəstəliklərdən qaynaqlanan vaxtından əvvəl ölüm hallarını 10 faiz azaltmaqla əhalinin sağlamlığını yaxşılaşdırmaqdır. 2020-ci il üçün hədəflər arasında tütün istifadəsinin 10%, eyni zamanda, duz və turşu istehlakının 5% azaldılması, piylənmə və şəkərli diabetin yayılmasında artımın olmaması vəzifələri var”.

Daha sonra Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycandakı ofisinin rəhbəri Kamran Qaraxanov, təşkilatın məsləhətçisi Sevil Əsədova, beynəlxalq ekspert Xose Moreno və digər qonaqlar mövzu ətrafında çıxış ediblər və qarşılıqlı fikir mübadiləsi aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR