“Media və təhsil dialoqu: peşəkarlığın inkişafı” mövzusunda təlim konfransı keçiriləcək

“Media və təhsil dialoqu: peşəkarlığın inkişafı” mövzusunda təlim konfransı keçiriləcək
# 29 oktyabr 2015 14:18 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev - APA. Oktyabrın 30-da Təhsil Nazirliyinin təşəbbüsü ilə Azərbaycan Dövlət Neft və Sənaye Universitetində “Media və təhsil dialoqu: peşəkarlığın inkişafı” mövzusunda növbəti təlim konfransı keçiriləcək.

Təhsil Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, Təhsil Nazirliyinin və Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) birgə təşkilatçılığı ilə keçirilən təlim konfransında Təhsil Nazirliyinin əməkdaşları, media qurumlarının və ali təhsil müəssisələrinin mətbuat xidmətlərinin rəhbərləri, təhsillə bağlı QHT nümayəndələri və təhsil ekspertləri iştirak edəcəklər.

“Təhsil” TV və “APA-Holdinq”in informasiya dəstəyi ilə təşkil olunmuş konfransda media və təhsil dialoqunun daha da yaxşılaşdırılması, səmərəli qarşılıqlı əməkdaşlıq baxımından peşəkarlığın inkişafı ilə bağlı müzakirələr aparılacaq, müvafiq təklif və tövsiyələr səsləndiriləcək.

Təlim konfransında Bakı Dövlət Universitetinin Televiziya və radio jurnalistikası kafedrasının müdiri Aynur Kərimovanın “Daxili kommunikasiya və sosial şəbəkələr”, BDU-nun doktorantı Turac Əliyevanın “Daxili PR - təşkilat daxili yazışmaların aparılması”, “ADA” Universitetinin rektorluq aparatının rəhbəri, mətbuat xidmətinin rəhbəri əvəzi Şəfəq Mehrəliyevanın və Azərbaycan Müəllimlər İnstitutunun mətbuat xidmətinin rəhbəri Nürəddin İbrahimovun “Ali təhsil müəssisələrində ictimaiyyətlə əlaqələr işi: problemlər və yeni çağırışlar“, Təhsil Nazirliyinin QHT və KİV-lə iş sektorunun müdiri Cəsarət Valehovun “Ali təhsil müəssisələrinin mətbuat xidmətlərinin fəaliyyətinin monitorinqi” mövzularında təqdimatları dinləniləcək və təlimlər keçiriləcək.

Qeyd edək ki, bu təlim konfransı Təhsil Nazirliyinin “Media və təhsil dialoqu” çərçivəsində keçirdiyi sayca IV konfransdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR