Qəbələdə mürəbbə festivalı keçirilib - FOTOSESSİYA - VİDEO

Qəbələdə mürəbbə festivalı keçirilib - <span style="color: red;">FOTOSESSİYA  - <span style="color: red;">VİDEO
# 25 avqust 2014 07:38 (UTC +04:00)

Qəbələ. Elvin Yaqubov-APA. Qəbələ şəhərində növbəti dəfə mürəbbə festivalı keçirilib. APA-nın yerli bürosunun xəbərinə görə, Qəbələ rayon İcra Hakimiyyətinin, Mədəniyyət və Turizm Nazirliyinin Milli Kulinariya Mərkəzinin, Azərbaycan Milli Kulinariya Assosiasiyasının birgə təşkil etdiyi festival Qəbələ şəhərindəki “Qafqaz Karvansaray” otelində reallaşdırılıb. Festivalı izləyənlər arasında Mədəniyyət və Turizm Nazirliyinin, rayon İcra Hakimiyyətinin, Azərbaycan Milli Kulinariya Mərkəzinin rəhbər şəxsləri, bir neçə ölkənin Azərbaycandakı səfirləri, üç mindən çox yerli və xarici turist olub.

Festivalın açılış mərasimində Qəbələ rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayev, Mədəniyyət və Turizm Nazirliyinin şöbə müdiri Fikrət Babayev, Azərbaycan Milli Kulinariya Assosiasiyasının prezidenti Tahir Əmiraslanov çıxış edib. Bildirilib ki, ötən il bu festivalda 8 rayondan, bu il isə 20 şəhər və rayondan şirniyyatçıların iştirak etməsi bu tədbirin nüfuzunun ildən-ilə daha da artmasından xəbər verir. Gələn ildən bu festivalın beynəlxalq səviyyədə keçirilməsi planlaşdırılır. Qeyd edilib ki, ölkəmizin mədəniyyətini və milli kulinariyasını təbliğ etmək məqsədi ilə ikinci dəfədir ki, keçirilən Qəbələ mürəbbə festivalında Şəki, Abşeron, Qobustan, Şamaxı, Balakən, Qax, İsmayıllı, Ağdaş, Göyçay, Ucar, Zərdab, Zaqatala, Xaçmaz, Qusar, Quba, Gədəbəy, Goranboy, Gəncə, Oğuz və Qəbələnin hər birindən 8 çeşiddə mürəbbə hazırlayan 8 nəfər, habelə həmin şəhər və rayonların bədii kollektivləri, xalq tətbiqi sənəti ustaları iştirak ediblər. Festival əvvəlcə yarış şəklində təşkil olunub. Bunun üçün xüsusi komissiya da yaradılıb. İştirakçılar müsabiqəyə gilas, böyürtkən, çiyələk, heyva, qoz, ərik, gül və gavalı mürəbbələri təqdim ediblər. Bundan əlavə festivalda ilk dəfə olaraq təqdim edilən pomidor və badımcan mürəbbələri hamının marağına səbəb olub. Komissiya tərəfindən isə 12 nəfərdən ibarət münsiflər heyəti seçilib. Münsiflər heyətinin tərkibinə müvafiq sahə üzrə ixtisaslaşmış mütəxəssislər və digər ekspertlər daxil ediliblər.

Yarışlar bitdikdən sonra mürəbbələrin satışı üçün şərait yaradılıb. Festival çərçivəsində xalq tətbiqi sənəti ustalarının əsərlərindən ibarət sərgi-yarmarkalar, həmçinin Bakı, Qəbələ və respublikanın digər bölgələrinin bədii kollektivlərinin çıxışları da təşkil edilib. Münsiflərin rəyi əsasında iştirakçıların gözü qarşısında ən yaxşı mürəbbə hazırlayan şəxslər müxtəlif nominasiyalar üzrə qalib elan olunub. Müsabiqədə Sevda Baxşıyeva (Gəncə şəhəri, çiyələk mürəbbəsi) birinci, Fizzə Mahmudova (Zaqatala rayonu, ərik mürəbbəsi) və Natəvan Musayeva (Goranboy rayonu, gül mürəbbəsi) ikinci, Səyyarə Quliyeva (Qəbələ rayonu, heyva mürəbbəsi), Jalə Qədirova (İsmayıllı rayonu, gilas mürəbbəsi), Xəyalə Mikayılova (Oğuz rayonu, gilas mürəbbəsi) üçüncü yeri tutub.

Təşkilatçılıq baxımından festivalda fəal iştirak edən Qəbələ rayon İcra Hakimiyyətinə qızıl medal, Xaçmaz və Abşeron rayon icra hakimiyyətlərinə isə müvafiq olaraq gümüş və bürünc medallar təqdim olunub. Festivalda ilk 3 yeri tutan şirniyyatçılara medallarla yanaşı, pul mükafatı və qiymətli hədiyyələr də təqdim edilib. Festival maraqlı konsert proqramı ilə davam etdirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR