Sabah Bakıda Ali Audit Qurumları təşkilatlarının beynəlxalq konfransı başlayır

Sabah Bakıda Ali Audit Qurumları təşkilatlarının beynəlxalq konfransı başlayır
# 15 aprel 2013 09:50 (UTC +04:00)

Bakı – APA-Economics. Azərbaycan Hesablama Palatasının təşkilatçılığı ilə aprelin 16-18-də Bakıda «Ali Audit Qurumlarının potensialının gücləndirilməsinin müasir çağırışları» mövzusunda EUROSAI və ARABOSAI təşkilatlarının IV Birgə Konfransı keçiriləcək.

Hesablama Palatasından «APA-Economics»ə verilən məlumata görə, Avropa ölkələri içərisində ikinci ölkə olaraq Azərbaycanda keçirilən bu beynəlxalq tədbirdə müxtəlif ölkələrin Ali Audit Qurumlarını (AAQ) özündə birləşdirən 5 beynəlxalq və regional təşkilatın yüksək səviyyədə təmsil olunması, 44 ölkədən 100-dən çox nümayəndənin, o cümlədən 27 ölkənin AAQ-nın birinci şəxs səviyyəsində iştirakı, həmçinin EUROSAI və ARABOSAI təşkilatlarının prezident və baş katibləri ilə yanaşı, AFROSAI (Ali Audit Qurumlarının Afrika Təşkilatı) təşkilatının baş katibinin iştirak etməsi nəzərdə tutulur.

«Dünya ictimaiyyətinin kənar dövlət maliyyə nəzarətinin rolu və əhəmiyyətinə xüsusi diqqətinin təcəssümü kimi BMT-nin Baş Assambleyası tərəfindən BMT tarixində ilk dəfə olaraq «AAQ-ların gücləndirilməsi vasitəsilə dövlət idarəçiliyinin səmərəliliyinin, cavabdehliyinin, effektivliyinin və şəffaflığının artırılması haqqında» Qətnamə qəbul edilib. Belə bir sənədin qəbul olunması AAQ-ların öz müstəqilliklərini gücləndirmək, onların öz səlahiyyətləri daxilində daha səmərəli və təsirli fəaliyyət göstərmək, habelə INTOSAI (Ali Audit Qurumlarının Beynəlxalq Təşkilatı) çərçivəsində daha çox faydalanmaqla AAQ-lar arası daha sıx münasibətlər yaratmaq istiqamətində göstərilən səylər sayəsində mümkün olub», - deyə məlumatda bildirilir.

Konfransda bu Qətnamədən irəli gələn çağırışlara uyğun olaraq ayrı-ayrı ölkələrdə qazanılmış təcrübəyə əsaslanaraq ali dövlət hakimiyyəti orqanlarının və AAQ-ların bu sahədəki vəzifələrinin müəyyən edilməsi, səmərəli dövlət maliyyə idarəçiliyinin daha da təkmilləşdirilməsi, kənar dövlət maliyyə nəzarətinin gücləndirilməsi istiqamətləri və s. barədə müzakirələrin aparılması nəzərdə tutulur.

Tədbirdə «Ali dövlət hakimiyyəti orqanlarının BMT Baş Assambleyasının 2011-ci il 22 dekabr A/66/209 saylı Qətnaməsinin çağırışlarından irəli gələn vəzifələri», «Milli inkişaf məqsədlərinə nail olunmasında Ali Audit Qurumlarının rolu» və «Dövlət maliyyə idarəçiliyinin təkmilləşdirilməsində kənar və daxili dövlət maliyyə nəzarətinin sərhədlərinin və vəzifələrinin dəqiqləşdirilməsinin rolu» alt-mövzuları üzrə müzakirələr aparılacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR