İş yükünün idarə edilməsində hakimlərin sayı və peşəkarlığı vacib amillərdəndir.
Bu barədə APA-ya müsahibəsində Ali Məhkəmənin və Məhkəmə-Hüquq Şurasının sədri İnam Kərimov deyib.
Onun sözlərinə görə, Azərbaycanda hər 100 min nəfərə təqribən 7 hakim düşür: “Avropada isə orta göstərici 21-dir. Məsələn, Türkiyədə hər 100 min nəfərə 19 hakim düşür, İtaliya, Fransa və İspaniya kimi ölkələrdə isə bu göstərici 11–12 hakim arasında dəyişir. Qonşu Gürcüstanda hər 100 min nəfərə 10 hakim düşür. Biz Azərbaycanda hakimlərin sayını qısa müddət ərzində nəzərdə tutulmuş ştat sayına — 800 nəfərə çatdırmaq niyyətindəyik”.
İnam Kərimov vurğulayıb ki, hazırda məqsəd təkcə hakimlərin sayını artırmaq deyil, həm də müasir kommunikasiya imkanlarından və elektronlaşmadan istifadə edərək bu sahədə insan əməyinə olan ehtiyacı daha da optimallaşdırmaqdır.
Qeyd edək ki, müsahibə bu gün saat 21.30-da APA İnformasiya Agentliyində və Azad Azərbaycan Televiziyasında (ATV) yayımlanacaq.