Elmar Məmmədyarov BMT-nin Əhali Fondunun icraçı direktorunun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib - FOTO

Elmar Məmmədyarov BMT-nin Əhali Fondunun icraçı direktorunun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib - <span style="color: red;">FOTO
# 13 noyabr 2015 15:04 (UTC +04:00)

Bakı-APA. Xarici işlər naziri Elmar Məmmədyarov BMT-nin Əhali Fondunun (UNFPA) icraçı direktoru Babatunde Osotimehinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, nazir Elmar Məmmədyarov BMT-nin Əhali Fondunun Azərbaycan üçün əsas humanitar tərəfdaşlardan biri olmaqda davam etdiyini bildirərək, qarşılıqlı faydalı əməkdaşlığın möhkəmləndirilməsində Fondun Bakı ofisinin fəaliyyətini xüsusi qeyd edib. Elmar Məmmədyarov bu kimi səfərlərin münasibətlərimizdə yeni istiqamətlərin müəyyənləşdirilməsində rolundan danışaraq, təhsil və informasiya kommunikasiya texnologiyaları sahəsində əməkdaşlıq üçün geniş imkanlar olduğunu diqqətə çatdırıb. ADA Universiteti və BMT-nin Əhali Fondu arasında imzalanmış Anlaşma Memorandumunun bu baxımdan uğurlu başlanğıc ola biləcəyini və sonrakı əməkdaşlığa zəmin yarada biləcəyini əlavə edib.

Elmar Məmmədyarov BMT çərçivəsində müəyyən edilmiş inkişaf məqsədlərinin milli hədəflərə inteqrasiyası siyasətinin müsbət nəticələrindən bəhs edərək, həmçinin Azərbaycanın BMT-nin 2015-ci il South-South mükafatına layiq görüldüyünü qeyd edib.

Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində öz doğma evlərindən didərgin salınmış qaçqın və məcburi köçkünlərlə bağlı İnsan Hüquqları Şurasının tövsiyələrinin praktiki icrasında və digər beynəlxalq təşkilatların diqqətinin ölkədəki məcburi köçkün probleminə yönəldilməsi sahəsində BMT-nin Əhali Fondu ilə əməkdaşlıqda maraqlı olduğumuzu bildirib.

İcraçı direktoru Babatunde Osotimehin səfəri çərçivəsində keçirdiyi görüşlər barəsində məlumat verərək, 1994-cü ildə Qahirədə keçirilmiş əhali və inkişaf üzrə Konfransın məqsədlərinin reallaşdırılmasındakı səylərinə və BMT-nin Davamlı inkişaf məqsədlərinin Azərbaycanda dəstəklənməsinə görə Azərbaycan prezidenti İlham Əliyevə BMT Əhali Fondunun mükafatını təqdim etməkdən şərəf duyduğunu qeyd edib.

Azərbaycanın seçdiyi inkişaf modelinin humanitar sahədə də nəticələrinin təqdirəlayiq olduğunu qeyd edən qonaq sabit əhali artımı və əhali tərkibinin gənc olmasının insan potensialına qoyulan kapitalın parlaq nəticələr vəd etdiyini bildirib.

BMT-nin Əhali Fondunun Azərbaycan hökuməti ilə əməkdaşlığından məmnunluğunu bildirən B. Osotimehin əlaqələrin daha da inkişaf etdirilməsində maraqlı olduğunu vurğulayıb.

Görüşdə həmçinin qarşılıqlı maraq doğuran məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR