Azərbaycanda 17 sığorta şirkətinin daxilolmaları azalıb

Azərbaycanda 17 sığorta şirkətinin daxilolmaları azalıb
# 16 iyul 2014 14:03 (UTC +04:00)

Bakı. Pərviz Nuriyev - APA-Economics. Bu ilin yanvar-iyun aylarında toplanmış sığorta haqlarının həcminə görə, bazarın lideri “Paşa Sığorta” şirkəti olub.

Azərbaycan Sığortaçılar Assosiasiyasından (ASA) “APA-Economics”ə verilən məlumata görə, şirkət ilk 6 ayda 31,2 mln. manat sığorta haqqı toplayıb. Sonrakı yeri tutan “Atəşgah Həyat” şirkətinin yığımları 22,7 mln. manat, “Paşa Həyat” şirkətində isə 21,9 mln. manat olub.

Sığorta yığımlarının həcminə görə ilk beşliyi “Azərsığorta” DSKŞ (18,9 mln. manat) və “AzSığorta” (17,9 mln. manat) şirkətləri tamamlayır. Ümumilikdə bazarın yarıdan çoxu, yəni 53%-i ilk beşlikdə təmsil olunan şirkətlərin payına düşür.

Ən az sığorta haqqı toplayanlar isə “Əmrah Sığorta” (431 min manat), “Era-Trans” (335 min manat), “Azərqarant” (318 min manat), “Günay Sığorta” (121 min manat), “Çartis Azərbaycan” (39 min manat) və “Royal Sığorta” (2255 manat) olub. Bu şirkətlərin ümumi göstəricisi təxminən 1,25 mln. manat olub və ümumi sığorta yığımlarının 1%-indən daha azını təşkil edib.

Ümumilikdə 28 sığorta şirkətinin 7-də sığorta haqlarının həcmi 10 mln. manatdan artıq, 6 şirkətdə 5-10 mln. manat arasında, 9 şirkətdə 1-5 mln. manat arasında, 6 sığorta şirkətində isə yarım milyon manatdan aşağıdır.

Sığorta ödənişlərinin həcminə görə də lider “Paşa Sığorta” şirkətidir - 13,3 mln. manat. Ödənişlərin həcminə görə sonrakı yerləri 6,8 mln. manatla “Atəşgah Sığorta”, 6,6 mln. manatla “Azərsığorta” DSKŞ, 6,5 mln. manatla “Azərbaycan Sənaye Sığorta”, 4,6 mln. manatla "Azsığorta" və 4,5 mln. manatla “AXA MBASK” şirkətləri tutur. Bu şirkətlərin ödənişlərinin cəmi 42,3 mln. manat təşkil edir ki, bu da ümumi ödənişlərin təxminən 65%-i qədərdir.

Ən az ödəniş edən şirkətlər isə “Azərqarant” (47,4 min manat), “Günay Sığorta” (26,1 min manat), “Royal Sığorta” (8,3 min manat) və “Çartis Azərbaycan” (272 manat) olub. Bu şirkətlərin ümumi göstəricisi təxminən 140 min manat olub ki, bu da ümumi ödənişlərin 0,4%-ni təşkil edir.

Bu ilin yanvar-iyun aylarında Azərbaycandakı 28 sığorta şirkətinin 11-də sığorta haqlarının artımı, 17-də isə azalması baş verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR