Səhiyyə Nazirliyi: İyunun 1-dən özəl tibb fəaliyyəti ilə məşğul olmaq üçün 41 lisenziya verilib

Səhiyyə Nazirliyi: İyunun 1-dən özəl tibb fəaliyyəti ilə məşğul olmaq üçün 41 lisenziya verilib
# 30 sentyabr 2015 12:30 (UTC +04:00)

Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Liya Bayramova APA-ya bildirib ki, iyunun 1-dən etibarən Səhiyyə Nazirliyi tərəfindən özəl tibb fəaliyyəti ilə məşğul olmaq üçün 41 nəfərə xüsusi razılıq (lisenziya) verilib.

Nazirlik rəsmisinin sözlərinə görə, özəl tibb fəaliyyəti ilə məşğul olmaq üçün 30 şəxsin müraciətinə baxılır.

L. Bayramova qeyd edib ki, hazırda ölkədə 638 özəl tibb müəssisəsi fəaliyyət göstərir.

Qeyd edək ki, bu ilin birinci yarısında aparılmış yoxlamalar nəticəsində altı özəl tibb müəssisəsinin - “VİP Dental” MMC, “Loğman Klinikası” MMC, “İnvitro” MMC, “Starmed” MMC, “Faiq-96” Müəssisəsi, “Nihat Klinikası” MMC-nin fəaliyyəti müəyyən olunmuş tarixədək dayandırılıb.

Üç özəl tibb müəssisəsinə - “Zaman Tibb Mərkəzi” MMC, “Assmed” MMC, “Medservis” verilmiş xüsusi razılığın (lisenziyanın) əlavəsindən stasionar xidmət tam çıxarılaraq yalnız poliklinik xidmət saxlanılıb.

Lisenziya olmadan və ya lisenziyadan kənar fəaliyyət göstərdiklərinə görə 28 özəl tibb müəssisələri və tibbi xidmət göstərən fiziki şəxslər barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin müvafiq olaraq 64.1-ci və 65-3.1-ci maddələrinə uyğun olaraq cərimə tətbiq edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR