Qubada keçirilən beynəlxalq konfransın iştirakçıları müraciət qəbul ediblər - VİDEO

Qubada keçirilən beynəlxalq konfransın iştirakçıları müraciət qəbul ediblər - <span style="color: red;">VİDEO
# 10 aprel 2015 11:48 (UTC +04:00)

Quba. Vəli Turan - APA. Bu gün Quba şəhərində “Azərbaycan və Şərqi Anadoluda türk-müsəlman əhaliyə qarşı soyqırımları (1914-1920-ci illər)” mövzusunda II Beynəlxalq elmi konfrans öz işini davam etdirib.

APA-nın şimal bürosunun verdiyi məlumata görə, Heydər Əliyev Mərkəzində konfransın ikinci günündə də Azərbaycan, Türkiyə, Rusiya, Böyük Britaniya, Fransa, Almaniya, Hindistan və digər ölkələrin arxivlərindən əldə edilmiş çoxsaylı sənədlər əsasında yazılan məruzələr səsləndirilib.

Qeyd olunub ki, 1914-1920-ci illərdə Şimali Azərbaycanın əksər bölgələrində - Bakı, Şamaxı, Quba, Şəki, Lənkəran, Qarabağ, Zəngəzur, İrəvan, Naxçıvan, habelə Cənubi Azərbaycanın bir çox ərazilərində (Urmiya, Salmas, Xoy, Qaradağ, Təbriz) və Şərqi Anadoluda yaşayan türk-müsəlman əhalisinə qarşı erməni-daşnak silahlı birləşmələri tərəfindən dəhşətli soyqırımları törədilib. On minlərlə türk-müsəlman əhali və digər millətlərin nümayəndələri, o cümlədən günahsız körpələr, qadınlar və yaşlı insanlar məhz etnik mənsubiyyətinə görə məhv ediliblər.

Məruzələr dinlənildikdən sonra konfrans iştirakçılarının dünya elm ictimaiyyətinə müraciəti qəbul olunub. Sonda iştirakçılara sertifikatlar təqdim olunub.

Konfransın sonuncu günü - aprelin 11-də beynəlxalq tədbir iştirakçıları Bakı şəhəri ilə yaxından tanış olacaqlar.

Qeyd edək ki, beynəlxalq tədbir Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) rəyasət heyəti, AMEA-nın A.A.Bakıxanov adına Tarix İnstitutu, Türkiyə Respublikası Nazirlər Kabineti yanında Atatürk Mədəniyyət, Dil və Tarix İdarəsi Atatürk Araşdırma Mərkəzi və Quba Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə keçirilir.

Beynəlxalq konfransda ümumilikdə 100-dən artıq tanınmış alim və mütəxəssis iştirak edir. Azərbaycan tarixçiləri ilə yanaşı Türkiyə, Kipr, Almaniya, Albaniya, Bolqarıstan, Fransa, İran, Qazaxıstan, Özbəkistan, Gürcüstan, Polşa və Rusiyadan tarixçi alimlər iştirak edir. Yüzdən çox tanınmış alim və mütəxəssisin, rəsmi qonaqların qatıldığı konfrans işini “Şimali Azərbaycan torpaqlarında türk-müsəlman əhaliyə qarşı soyqırımları (1914-1920-ci illər)” və “Şərqi Anadolu, Urmiya, Salmas, və digər bölgələrdə türk-müsəlman əhaliyə qarşı soyqırımlar (1914-1920-ci illər)” bölümləri üzrə aparılıb. Konfransda təqdim olunan məqalələr “AMEA Tarix İnstitutunun elmi əsərlərinin xüsusi buraxılışı” adı ilə çap edilərək iştirakçılara paylanılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR