"Azərbaycan Biznes Keys Müsabiqəsi"nin final mərhələsi keçirilib - FOTO

"Azərbaycan Biznes Keys Müsabiqəsi"nin final mərhələsi keçirilib - <span style="color: red;">FOTO
# 07 dekabr 2014 18:38 (UTC +04:00)

Bakı. Zümrüd Paşayeva - APA. ADA Universitetində "Azərbaycan Biznes Keys Müsabiqəsi"nin ( ABCC-Azerbaijan Business Case Competition 2014) final mərhələsi keçirilib.

APA-nın xəbərinə görə, ABŞ Təhsilli Azərbaycan Məzunları İctimai Birliyinin hər il ənənəvi olaraq keçirdiyi müsabiqənin final günündə 29 komanda arasından seçilmiş 6 komanda mübarizə aparıb.

Qafqaz Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Tbilisi Dövlət Universitetinin komandaları münsiflər heyəti qarşısında təqdimatlar edib, sualları cavablandırıblar.

Tədbirdə Azərbaycan və Gürcüstanın təhsil nazirlərinin müavinləri Firudin Qurbanov və Tamas Mersaqeşvili də çıxış ediblər.

Müsabiqədə dördüncü yeri Tbilisi Dövlət Universitetinin, üçüncü və ikinci yerləri Qafqaz Universitetinin, birinci yeri isə Azərbaycan İqtisad Universitetinin komandası tutub. Fərqlənənlərə diplomlar və mükafatlar təqdim olunub.

Qeyd edək ki, ABCC layihəsinin məqsədi layihədə iştirak edən III-IV kurs tələbələrinin iqtisadi sahədə praktiki bacarıqlara yiyələnmələrinə nail olmaq, onların ölkənin biznes mühitinə cəlb olunmasına vasitəçilik etməkdir.

Müsabiqə 2002-ci ildən etibarən keçirilir. Bu günə qədər 500-dən çox tələbə layihədə iştirak edib.

Layihə Azərbaycan Təhsil Nazirliyi, Gürcüstan Elm və Təhsil Nazirliyi, ABŞ-ın Azərbaycandakı səfirliyi və ADA Universiteti tərəfindən dəstəklənir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR