Azərbaycanda Yüksək Texnologiyalar Parkında fəaliyyət göstərən şirkətlər vergi ödəmələri və gömrük rüsumlarından azad olunacaq

Azərbaycanda Yüksək Texnologiyalar Parkında fəaliyyət göstərən şirkətlər vergi ödəmələri və gömrük rüsumlarından azad olunacaq
# 10 aprel 2013 10:37 (UTC +04:00)

Bakı. Nicat Mustafayev - APA-Economics. Azərbaycanda yaradılan Yüksək Texnologiyalar Parkında fəaliyyət göstərən şirkətlər vergi ödəmələri və gömrük rüsumlarından tam azad olunacaq.

"APA-Economics"in məlumatına görə, bu barədə Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Strateji planlaşdırma, investisiya və elm potensialı şöbəsinin müdiri Elçin Zeynalov bildirib.


Onun sözlərinə görə, bu qərar artıq ölkə hökuməti səviyyəsində qəbul olunub və Yüksək Texnologiyalar Parkında fəaliyyət göstərəcək şirkətlər 7 il müddətində vergi ödəmələri və gömrük rüsumundan azad olunacaq: "Gələcəkdə fiskal və monetar güzəştlərin tətbiqi də nəzərdə tutulur".


Hazırda ölkədə İKT sektorunun sürətlə inkişaf etdiyini bildirən E.Zeynalov onu da qeyd edib ki, Azərbaycanın 2020-ci ilədək inkişaf konsepsiyası çərçivəsində ölkədə istehsal olunan ÜDM-in yaxın 7-8 il ərzində iki dəfə artacağı və buna əsasən qeyri-neft sektorunun inkişafı hesabına nail olunacağı gözlənilir: "Ölkənin qeyri-neft sektorunun inkişafında İKT-nin rolu əhəmiyyətlidir. Belə ki, bu sektor sürətlə inkişaf edir və ildən-ilə İKT sektorundan dövlət büdcəsinə daxilolmalar artmaqda davam edir".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR