Hacıqabulda fövqəladə hadisələr zamanı əhalinin qarşılaşdığı fəlakət riskinin qarşısının alınması mövzusunda müşavirə keçirilib - FOTO

Hacıqabulda fövqəladə hadisələr zamanı əhalinin qarşılaşdığı fəlakət riskinin qarşısının alınması mövzusunda müşavirə keçirilib - <span style="color: red;">FOTO
# 19 avqust 2015 15:06 (UTC +04:00)

Bakı-APA. Fövqəladə Hallar Nazirliyinin (FHN) Muğan Regional Mərkəzinin “2015-ci il üçün Hazırlıq Planı”na əsasən, bu gün dislokasiya ərazisində fəaliyyət göstərən nazirliyin digər qurumlarının iştirakı ilə Hacıqabul rayon İcra Hakimiyyətində “Təbii və texnogen xarakterli fövqəladə hadisələr zamanı əhalinin qarşılaşdığı fəlakət riskinin qarşısının alınması və qarşılıqlı fəaliyyətin təşkili” mövzusunda rayon müşavirəsi keçirilib.

APA-nın xəbərinə görə, müşavirədə İcra Hakimiyyətinin rəhbər işçiləri, Hacıqabul rayon fövqəladə hallar komissiyasının üzvləri, ərazi icra nümayəndələri, bələdiyyələr, idarə və təşkilat rəhbərləri, Muğan Regional Mərkəzin rəis müavini, Muğan Regional Dövlət Yanğın Nəzarəti idarəsinin nümayəndəsi, Hacıqabul rayon Dövlət Yanğından Mühafizə Hissəsinin rəisi, Muğan Regional Sənayedə İşlərin Təhlükəsiz görülməsi və Dağ-mədən nəzarəti müfəttişliyinin və Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Muğan Regional Tikinti Müfəttişliyinin nümayəndələri, Mərkəzin digər əməkdaşları iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Hacıqabul İcra Hakimiyyəti başçısının müavini, Sahib Aslanov gündəlikdə duran məsələnin aktuallığını vurğulayıb və keçirilən tədbirin əhəmiyyətindən danışıb.

Muğan Regional Mərkəzin rəis müavini Tural Müseyibov “Fövqəladə Hallar Nazirliyinin yaranması, qurumları, fəaliyyət istiqamətləri və təsnifatı” mövzusunda danışarkən Fövqəladə Hallar Nazirliyinin yaradılmasının 10 ili müddətində respublikamızda fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində görülən işlər, Muğan Regional Mərkəzin əhatə etdiyi xidməti ərazidə fövqəladə hallarla mübarizə sahəsində həyata keçirdiyi tədbirlər barədə məlumat verib. Rəis müavini icra strukturları ilə Mərkəz arasındakı qarşılıqlı fəaliyyətin əhəmiyyətini qeyd edərək, həyata keçirilən tədbirlər zamanı meydana çıxan problemlərin həllinə nail olmaq üçün bu cür görüşlərdə müzakirələrin aparılmasının vacibliyini vurğulayıb. Hacıqabul rayon Dövlət Yanğından Mühafizə Hissəsinin rəisi, polkovnik-leytenantı İlqar Namazov və Mərkəzin əməkdaşları “Yanğın təhlükəsizliyinin problemləri və onların həlli yolları”, “Hacıqabul rayon ərazisində bu günədək aparılmış monitorinqlərin nəticələri”, “Mərkəz ilə Hacıqabul rayon İcra Hakimiyyəti arasında bağlanmış qarşılıqlı fəaliyyət planı”, “Fövqəladə hallardan müdafiə sahəsində əhalinin fəlakət riskinin azaldılmasına hazırlanması”, “Təhlükə potensiallı obyektlərdə qaz təsərrüfatında təhlükəsizlik qaydaları”, “Yanğınların söndürülməsində maneçilik törədən səbəblər və onların aradan qaldırılması yolları” haqqında geniş məruzə ilə çıxış ediblər.

Daha sonra Muğan Regional Mərkəzin monitorinq qruplarının Hacıqabul rayonu ərazisində müxtəlif vaxtlarda ictimai yaşayış binalarının, yüksək gərginlikli elektrik hava və yüksək təzyiqli qaz kəmərlərinin mühafizə zonalarında, eləcə də, rayon ərazisindəki süni göllər və onların balans daşıyıcılarının monitorinqlərinin nəticələrindən bəhs edən slaydlar nümayiş etdirilmiş, yaranmış problemlər diqqətə çatdırılıb, gələcəkdə baş verə biləcək fövqəladə halların qarşısının alınması üçün aidiyyəti üzrə ərazi icra nümayəndələrinə və bələdiyyələrə tövsiyələr verilib.

Yekunda mövcud problemlərin aradan qaldırılması istiqamətində edilən çıxışların və irəli sürülən təkliflərin rəhbər işçilər tərəfindən iş yerlərində bir daha müzakirə olunması, müvafiq tədbirlərin görülməsi qərara alınıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR