Tiflisdə azərbaycanlı xalça ustalarının əl işlərinin sərgisi keçirilib - FOTOSESSİYA

Tiflisdə azərbaycanlı xalça ustalarının əl işlərinin sərgisi keçirilib - <span style="color: red;">FOTOSESSİYA
# 23 sentyabr 2015 01:07 (UTC +04:00)

Tiflis. Nizami Məmmədzadə-APA. Tiflisdəki Avropa Evində Gürcüstanın müxtəlif bölgələrində yaşayan azərbaycanlı xalça ustalarının əl işlərinin sərgisi keçirilib. APA-nın Gürcüstan bürosunun məlumatına görə, sərgini Rayn Smit adlı Amerika vətəndaşının rəhbərlik etdiyi "Qafqaz Ümid Əməkdaşlığı" təşkilatın təşəbbüsü və təşkilatçılığı ilə keçirilib. Sərginin açılışında çıxış edən R. Smit tədbirə gələn xarici ölkə nümayəndələrinə, gürcü və azərbaycanlılara qədim xalça nümunələri haqqında ətraflı məlumat verib.

R. Smit APA-ya açıqlamasında sərgidə 15 xalçanın nümayiş olunduğunu bildirib: "Biz bu sərgiyə görə çox sevinirik. Sərgidə 16 xalça nümayiş etdirilir. Burada Borçalı, Qaraçöp, Qazax, Kosalar və digər bölgələrin xalça nümunələri var. Qaraçöp kəndi 7 kənddən ibarətdir. Bizim təşkilat həmin kəndlərin sakinlərinə xalça toxumaq üçün müraciət etdi və bizə böyük dəstək oldu. Biz Qaraçöpün Qazılar kəndindəki məktəbin təmirinə kömək etmişik. Uşaqlar bizim gələcəyimizdir. Buna görə də gənc nəslə kömək üçün vəsait ayırırıq. Mənim də bir kiçik övladım var".

R. Smit yalnız Qaraçöp deyil Borçalının (Kvemo Kartli) bütün bölgələrində xalça ustalarına təbii boyanmış ip və çeşnilər verdiklərini, əməklərinə görə pul ödədiklərini və Qaraçöp, həm də köhnə Borçalı xalçalarını yenidən toxuyub yaşatdıqlarını bildirib.

Rayn Smit Bakıda Azərbaycan dili və xalçaçılığı öyrəndikdən sonra Gürcüstana köçdüyünü və xalçaçılıqla məşğul olduğunu deyib: "Təşkilatımız Gürcüstanda qeydiyyatdan keçib. Mən xalça mədəniyyətini yaşatmaq istəyirəm və buna nail olmuşam. Bir xalça 2-3 aya toxunur və xalça ustaları olan azərbaycanlı qadınlar bu işi məharətlə bacarırlar. Onlar nəsildən-nəsilə xalça toxuculuğu ilə məşğuldurlar. Müxtəlif çeşnilər barədə bizim zəngin məlumatımız var və mən xalça sənətkarlığını öyrəndikdən sonra həvəslə bu işə başladım. Artıq 50-dən çox xalça toxunub. Bu işi daha çox davam etdirmək, daha gözəl və qədim çeşnilərə malik xalçaları daha çox toxumaq üçün bütün qüvvəmi sərf edirəm. Bu günkü sərgidə atam, anam, əkiz qardaşım, həyat yoldaşım iştirak edir. Mən çox sevinirəm ki, biz ailəliklə bir-birimizə dəstək veririk".

R. Smit azərbaycanlıların kompakt yaşadığı Marneulidə yaşadığını bildirib: "Mən Azərbaycan dilini çox sevirəm və bu dili öyrənmək üçün saatlarla Bakıdakı İçərişəhərdə yaşayan insanların yanında oturub saatlarla onların danışığına qulaq asmışam. Mən Azərbaycanın Qusar bölgəsində çalışandan sonra Gürcüstana köçmək qərarına gəldim və bölgələrdə xalça sənətkarlığının zəif inkişaf etdiyini görüb, bu sahəni inkişaf etdirmək qərarına gəldim. Gördüyünüz kimi çox şükürlər olsun ki, uğurlarım göz qabağındadır. Xalça növlərini yaşatmaqla həm xalça ustaları, həm də onların ailələri dolanır".

Sərgidə Qaraçöpün Yor Muğanlı, Qazılar kəndlərindən, Tetri-Tskaro rayonunun Kosalar kəndindən olan xalça ustalarının toxuduğu "Kosalar", "Borçalı", "Qaraçöp"xalçaları nümayiş olunub.

Sonda R.Smit xalça ustalarına hədiyyələr təqdim edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR