Prokuror İsmayıllı hadisələrində təqsirləndirilən şəxslərin apellyasiya şikayətinin təmin olunmamasını istəyib

Prokuror İsmayıllı hadisələrində təqsirləndirilən şəxslərin apellyasiya şikayətinin təmin olunmamasını istəyib
# 18 sentyabr 2014 15:41 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bu gün Şəki Apellyasiya Məhkəməsində İsmayıllıda baş vermiş hadisələrlə bağlı tutulan şəxslərin apellyasiya şikayəti əsasında məhkəmə prosesi davam etdirilib.

Vəkil Nizami Abbasovun APA-ya verdiyi məlumata görə, prosesdə vəkillər çıxış edərək müdafiə etdikləri şəxslərin barələrində bəraət hökmünün çıxarılmasını xahiş ediblər. Daha sonra təqsirləndirilən şəxslər son söz deyiblər. Onlar ədalətli hökmün çıxarılmasını istəyiblər. Prosesdə çıxış edən dövlət ittihamçısı isə hökmün qüvvədə qalmasını xahiş edib.

Proses sentyabrın 24-də davam edəcək. Həmin gün məhkəmə qərarı elan olunacaq.

Xatırladaq ki, Baş Prokurorluq və Daxili İşlər Nazirliyi İsmayıllı hadisələri ilə bağlı yaydığı birgə məlumatda bildirilib ki, ötən il yanvarın 23-də İsmayıllı şəhərində “Çıraq” otelinin inzibatçısı Emil Şəmdinovun və tanışı Elməddin Məmmədovun sərxoş vəziyyətdə özgənin əmlakının zədələnməsi ilə müşayiət olunan qərəzli xuliqanlıq hərəkətləri etmələri və bununla əlaqədar hadisə yerinə toplaşmış bir qrup şəxs tərəfindən “Çıraq” hotelinin və müxtəlif markalı avtomobillərin yandırılması ilə nəticələnən kütləvi münaqişə baş verib. Törətdikləri hüquqazidd əməllərə görə Emil Şəmdinov və Elməddin Məmmədov cinayət məsuliyyətinə cəlb edilərək barələrində məhkəmə tərəfindən həbs-qətimkan tədbiri seçilib.

İctimai qaydanın pozulmasına səbəb olan hərəkətlərdə, özgə əmlakının qəsdən məhv edilib zədələnməsində, hakimiyyət nümayəndələrinə qarşı zor tətbiq edilməsində, yanğın və dağıntıların törədilməsində fəallıq göstərmiş bir neçə nəfər həbs edilib.

Aparılmış araşdırmalarla o da müəyyən edilib ki, Müsavat Partiyası başqanının müavini Tofiq Yaqublu və “REAL” Hərəkatının həmsədri İlqar Məmmədov ötən il yanvarın 24-də İsmayıllıya gedərək, rayon sakinləri arasında polisə müqavimət göstərmək, heç kimə tabe olmamaq, nəqliyyat vasitələrinin yolunu bağlamaq kimi ictimai-siyasi sabitliyin pozulmasına yönələn çağırışlar ediblər.

Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Səftər Ağamalıyev, Anar Həsənov və Asif İbrahimovun hər biri 8 il, İlqar Məmmədov 7 il, Elşən Qurbanov 5 il 6 ay, Tofiq Yaqublu 5 il, Elşən İsmayıllı 5 il, Cəfər Cəfərov 4 il 6 ay, Qəmbər Ağamalıyev 4 il 6 ay Şükran Mehbalıyev 2 il 6 ay müddətinə azadlıqdan məhrum ediliblər.

Məhkəmənin hökmü ilə digər təqsirləndirilən şəxslər isə şərti olaraq azadlıqdan məhrum olunublar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR