Akif Əlizadə: “AMEA elmin piarını düzgün apara bilməyib” - MÜSAHİBƏ

Akif Əlizadə: “AMEA elmin piarını düzgün apara bilməyib” - <span style="color: red;">MÜSAHİBƏ
# 26 aprel 2013 14:16 (UTC +04:00)

Bakı. Kəmalə Quliyeva – APA. Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) yeni prezidenti Akif Əlizadənin APA-ya müsahibəsi

- Fəaliyyətiniz dövründə AMEA-da hansı yeniliklərə nail olmağa çalışacaqsınız?

- Bu vəzifəyə məni layiq gördüyü üçün Azərbaycan prezidentinə təşəkkür edirəm. Bütün bacarığımla, təcrübəmlə qalan ömrümü Azərbaycan elminə və dövlətinə xidmət edəcəyəm. İlk növbədə, AMEA-nın bütün fəaliyyəti müasirləşdirilməlidir. AMEA-nın institutlarının reytinqi müəyyən olunmalıdır. Bu istiqamətdə AMEA Rəyasət Heyəti çox düşünülmüş addımlar atmalıdır. Maliyyə vəsaitinin institutlara ayrılması mexanizmi düşünülməlidir. Maliyyə vəsaiti “bu sənin, bu da sənin payın” kimi verilməli deyil. İnstitutların bir-biri ilə fərqi də nəzərə alınmalıdır. Kimin yaxşı çalışması, kimin geridə qalması nəzərə alınmaqla, maliyyə vəsaitinin ayrılması mexanizmi hazırlanmalıdır.
AMEA-da çalışan alimlərin əksəriyyətinin yaşı xeyli yüksəkdir. Elmi fəaliyyət üçün ən məhsuldar dövr 30-55 yaşdır. Bu yaşda olan insanların işləməsi üçün vacib addımlar atılmalıdır. Biz bunu müxtəlif yollarla etməliyik. Kadr probleminin həllinin bir yolu elmi təhsilə inteqrasiya etməklədir. Bunun bir formasını tətbiq edirik. Geologiya, İnformasiya Texnologiyaları, Neft Problemləri institutlarında baza kafedralar, kafedra filialları açmaqla bunu həyata keçiririk. Son 10-15 ildə maliyyə vəsaitinin ayrılmasına baxmayaraq, alimlər tərəfindən çöl tədqiqatları aparılmayıb. Buna görə də mən tapşırıq vermişəm ki, bununla bağlı əsasnamə hazırlansın. Azərbaycan elmində bu təcrübələr, çöl tədqiqatları hansı əsaslarla, hansı formada aparılmalı, bu işlərin maliyyələşdirilməsi necə olmalıdır? Bu işlər üçün nəzərdə tutulan vəsaitləri ayrılmış ümumi vəsaitdən fərqli olmalıdır. Çöl tədqiqatları aparan alimlərə əlavə maliyyə vəsaiti ödənilməlidir. Çünki onlar tədqiqatlarını başqa şəraitdə aparırlar. Sovet dövründə belə bir təcrübə var idi. Tədqiqatı aparanlara məsafənin uzaq, ərazinin dağlıq olmasına görə ayrıca vəsait verilirdi. Elmin bir çox sahəsində çöl tədqiqatları aparılmasa, həmin sahə inkişaf edə bilməz.

- Belə çıxır ki, alimlərə əmək haqqı fərqli prinsiplərlə veriləcək?

- Alimlərin əmək haqları fərqlənməlidir. SSRİ vaxtında da alimlərə eyni məbləğdə əmək haqqı verilirdi. Bu, düzgün deyil. Biz alimləri stimullaşdırmalıyıq. Yaxşı işləyən alimləri stimullaşdırmaq üçün əlavə maliyyə vəsaiti verilməli, onlar üçün mükafatlar təsis edilməlidir. Bu da alimin apardığı işin nəticəsinin fərqlənməsinə səbəb olacaq. Başqa alimlər üçün də bu, bir stimul rolu oynayacaq. Onlar da həmin mükafatları almaq üçün çalışacaqlar. AMEA-nın Rəyasət Heyətindən başlayaraq, biz fərqlənmə prinsipini qəbul etməliyik. Biz indi fikirləşirik ki, dünyasını dəyişmiş böyük alimlərin adına mükafatlar təsis edək. Onu almaq üçün alim çalışmalıdır. Biz hər il illik hesabatda yüksək uğur əldə edən alimlərə bəzi adlı mükafatları təqdim edəcəyik. Bu stumullaşdırıcı addımların atılması üçün Təhsil Nazirliyində də müzakirələr aparılmalıdır.

- Azərbaycanda alimlərin orta yaş həddinin yuxarı olması faktını ilk dəfə Siz qabartmısız. Bu problemin qarşısı necə alınacaq? AMEA-ya gənclərin axınını stimullaşdırmaq üçün hansı təbirlər həyata keçiriləcək?

- Burada mürəkkəb problem yoxdur. Akademiyada stimul məsələsini gücləndirmək lazımdır. Mükafatlar, maaş, dövlət tərəfindən adların verilməsi, gənc alimlərin hazırlığını gücləndirmək, bütün bunlar hamısı stimulu yaradan səbəblərdir. Alimlərin hazırlığını gücləndirmək istiqamətində Ali Attestasiya Komissiyası ilə də çalışacağıq. Onlarla birlikdə kadr hazırlığını gücləndirəcəyik.

- AMEA-da institut direktorlarının Şurası və Gənclər Bürosu yaradılacağı ilə bağlı fikirlər səsləndirmişdiniz. Bu zərurət nədən yaranır?

- Bəli, AMEA-da Direktorlar Şurası yaradılacaq. Direktorlar Şurası AMEA-nın gündəlik məsələlərini operativ həll edə, institut direktorlarına tövsiyələr verə bilər. Direktorlar Şurası AMEA elmi müəssisələrinin direktorlarının fəaliyyəti üçün dayaq olacaq. Direktorlar Şurasının imkanı ilə Azərbaycan elminin inkişafı xeyli aktivləşəcək. AMEA-da Gənclər Bürosu da yaranmalı və onlar xeyli fəal olmalıdırlar. Gənclər Bürosunun böyük əhəmiyyəti var. Onlar Akademiyada zəif, yatmış yerləri oyadıb üzə çıxarmalıdırlar. Gənclər buna qadirdir.

- Azərbaycanda doktoranturaya qəbul sistemində hansı yeniliklər gözlənilir. Doktoranturaya qəbul imtahanlarında plan yerlərinin, imtahan fənlərinin sayı arta bilərmi? AMEA-nın gənc alimləri ilə görüşünüzdə “İngilis dilini bilməyən gənc elmlər məşğul ola bilməz” demişdiniz. AMEA alimləri üçün ingilis dilini bilmək bir şərt kimi qoyula bilərmi?

- İlk növbədə istərdim ki, doktoranturaya daxil olan gənclər hərbi xidmətdən azad edilsin. İstedadlı adam doktoranturaya daxil olduqdan sonra hərbi xidmətə aparılanda bilik zəncirində qırılma təhlükəsi yaranır. Güman edirəm ki, hökumətlə, Milli Məclislə bu məsələdə razılığa gələ bilərik. İngilis dilini bilməmək hazırda alim üçün yolverilməzdir. Bu, çox vacib kriteriyadır. Bu il doktoranturada plan yeri dolmadı. Bu, o deməkdir ki, AMEA elmin piarını düzgün apara bilməyib. Bu yerlərin dolmamağı onu göstərir ki, elmə maraq azalmaqdadır. Bizim ən böyük vəzifəmiz AMEA-nın, elmin nüfuzunu qaldırmaqdır. İndi doktoranturaya gəncləri güclə gətirmək mümkün deyil. Biz gənclər arasında AMEA-nın imkanlarını, maddi-texniki bazası haqqında məlumatları, Akademiyanın gələcək stimulları haqqında təbliğatı elə aparmalıyıq ki, gənclər elmə cəlb olunsun.

- Sizin bu vəzifəyə təyin olunmanız AMEA-da kadrlar baxımından islahatlara gətirib çıxaracaq? AMEA-da islahatlara nə zamandan başlanacaq? Bu islahatların əsas mahiyyəti nədir?

- Mütləq çıxaracaq. Kadr hazırlığı baxımından islahatlar olduqca vacibdir. Biz AMEA institutlarında inkişafa nail olmalıyıq. O zaman Rəyasət Heyətinə seçim də yüksək olur. İslahatlar mütləq olmalıdır. Bu islahatlar müxtəlif səviyyələrdə aparılacaq. Bu barədə ictimaiyyətə müntəzəm məlumat veriləcək.

- AMEA-nın gənc alimləri öz təhsillərini dövlət xətti ilə xaricdə davam etdirəcəklər. İlk olaraq nə qədər alim xaricə təhsilini davam etdirməyə göndəriləcək?

- Prezidentin gənc alimlərin xaricdə təhsili ilə bağlı sərəncamı çox vacib sərəncam idi. AMEA-da onun icrası düzgün istiqamətləndirilmədi. Mən AMEA-da vitse-prezident kimi çalışarkən bu sərəncamın verilməsinə nail oldum. Bunun üçün prezidentə təşəkkür edirəm. Onu indi yenə düzgün istiqamətə gətirəcəyik. Doktorluq dissertasiyası hazır olmaq üzrə olan, təhlil edilmiş şəxsləri Avropa ölkələrinə göndərib onları hazırlayacağıq. Bir neçə il əvvəl ilk dəfə xaricə göndərdiyimiz 10-a yaxın gənc artıq geri qayıdır. Onlar gələn kimi dərhal doktorluq dissertasiyasını müdafiə edirlər. Bu, çox yaxşı bir stimuldur və biz ondan istifadə edəcəyik.

- AMEA-nın bir sıra mühüm institutlarının direktoru vəzifələri də boşdur. Bu yerlərə seçki nə vaxt keçiriləcək?

- Bu yerlərin hamısı tədricən dolacaq. Həmin institutların bəzilərində müavinlər direktor vəzifələrini icra edirlər. Bunlar hamısı tədricən təsdiq ediləcək. Hər şeyi həll edən kadrdır. Kadr seçimində çox ciddi olmaq lazımdır. Kadr düzgün seçilirsə, deməli, elmin həmin istiqamətinin inkişafı təmin edilir. Ona görə də düşünülmüş addımlar atılmalıdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR