Azərbaycan sığorta şirkətlərindən 11-nin daxilolmaları azalıb

Azərbaycan sığorta şirkətlərindən 11-nin daxilolmaları azalıb
# 18 mart 2015 10:08 (UTC +04:00)

Bakı. Musa Əhmədov – APA-Economics. 2015-c ilin yanvar-fevral aylarında toplanmış sığorta haqlarının məbləğinə əsasən, bazarın lideri “Paşa Sığorta” şirkəti olub.

Azərbaycan Sığortaçılar Assosiasiyasından “APA-Economics”ə verilən məlumata görə, şirkət 2 ay ərzində 26,1 mln. manat sığorta haqqı toplayıb. Sonrakı yerləri tutan “Atəşgah Sığorta”nın yığımları 11,2 mln. manat, “Paşa Həyat Sığorta”nın yığımları isə 8 mln. manat olub. Sığorta yığımlarının məbləğinə görə, ilk beşliyi “İpək Yolu Sığorta” (7,5 mln. manat) və “Atəşgah Həyat Sığorta” (7,4 mln. manat) şirkətləri tamamlayır. Ümumilikdə bazarın təxminən 59%-i ilk beşlikdə təmsil olunan şirkətlərin payına (təxminən 60,2 mln. manat) düşür.

Ən az sığorta haqqı toplayanlar isə “Rəvan Sığorta” (372,7 min manat), “Başak İnam” (282,6 min manat), “Amrah Sığorta” (210,7 min manat), “Azərqarant” (100,6 min manat) və “Günay Sığorta” (24,8 min manat) şirkətləri olub. Bu şirkətlərin ümumi göstəricisi təxminən 1 mln. manat olub və ümumi sığorta yığımlarının təxminən 1%-ni təşkil edib.

Ötən ilin noyabr ayında lisenziyası dayandırılmış “Era-Trans” və praktiki olaraq fəaliyyətini dayandırmış “Çartis Azərbaycan” sığorta şirkətləri isə təbii olaraq sığorta haqqı toplamayıb.

Ümumilikdə 27 sığorta şirkətindən 2-də sığorta haqlarının məbləği 10 mln. manatdan çox, 5 şirkətdə 5-10 mln. manat arasında, 8 şirkətdə 1 mln. manatdan 5 mln. manata qədər, 5 şirkətdə 500 min manatdan 1 mln. manata qədər, 7 şirkətdə isə 500 min manatdan da aşağıdır. Şirkətlərdən 16-da sığorta haqlarının artımı, 11-də isə azalması baş verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR