“Reklam haqqında” qanuna ciddi dəyişikliklərin olunacağı gözlənilir

“Reklam haqqında” qanuna ciddi dəyişikliklərin olunacağı gözlənilir
# 19 sentyabr 2014 10:55 (UTC +04:00)

APA-Economics”in məlumatına görə, Milli Məclisin İqtisadi siyasət komitəsinin iclasında komitə sədri Ziyad Səmədzadə bildirib ki, payız sessiyasında bu qanuna dəyişikliyin edilməsi nəzərdə tutulur.

Qanun layihəsinin müəlliflərinin komitə üzvləri Vahid Əhmədov və Əli Məsimli olduğunu deyən Z. Səmədzadə bildirib ki, qüvvədə olan qanun 15 il əvvəl qəbul olunub. “Bu dövr ərzində Azərbaycan iqtisadiyyatında çox böyük köklü kəmiyyət və keyfiyyət dəyişikliyi baş verib. Bütövlükdə reklam iqtisadi sferanın fəaliyyət dairəsi olmaqla özünün istiqamətlərini son dərəcə zənginləşdirib. Bizim bu sahədə olan boşluqları doldurmaq üçün təklif edilən qanun layihəsində maraqlı təkliflər var”, - deyə komitə sədri bildirib.

Millət vəkili Vahid Əhmədov da bu qanunun qəbulunu vacib sayıb. Onun sözlərinə görə, yeni qanun layihəsi əvvəlkindən 70% fərqlənir: “Bu qanun layihəsində əlavə maddələr var. Reklamda müasir elektronika və informasiya sisteminin qurulması, o cümlədən bu sahədə haqsız rəqabətin aradan qaldırılması üçün bu qanunun qəbuluna ehtiyac var. Çalışacağıq ki, payız sessiyasında bu qanunu qəbul edək”.

Qanun layihəsinin digər müəllifi Əli Məsimli qeyd edib ki, indi Azərbaycanda reklam sahəsində vəziyyət olduqca bərbaddır: "Küçəyə çıxıb maşınla 15 dəqiqə gəzmək kifayətdir ki, reklamların nə vəziyyətdə olduğu aydın olsun. Ona görə hesab edirəm ki, belə bir qanunun qəbuluna ehtiyac var".

Komitənin digər üzvləri də bu qanuna dəyişikliklərin tərəfdarı olduqlarını bəyan ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR