Bank Of Baku

Azərbaycan ekoloqları Hacıqabul gölünün qurumasının səbəblərini tapıb

Azərbaycan ekoloqları Hacıqabul gölünün qurumasının səbəblərini tapıb
# 27 sentyabr 2008 13:50 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva – APA-Economics. Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyi Hacıqabul gölünün quruması ilə bağlı apardığı araşdırmaların nəticəsini açıqlayıb.
Nazirliyin mətbuat xidmətindən «APA-Economics»ə verilən məlumata görə, İqtisadi İnkişaf Nazirliyinin Dövlət Əmlakının Özəlləşdirilməsi Departamentinin 2001-ci ilin noyabrında ləğv etdiyi «Azərbalıq» Dövlət Konserninin tabeliyində olan Hacıqabul balıq əmtəə təsərrüfatının bazasında «Hacıqabul balıq» ASC yaradılıb. Şirvan şəhər icra başçısının sərəncamı ilə 1 254,56 ha (o cümlədən, Hacıqabul gölünün 208,67 ha), Hacıqabul rayon icra başçısının sərəncamı ilə 1 643,44 ha (Hacıqabul gölünün 547,37 ha) torpaq sahəsi 90 il müddətinə bu müəssisəyə icarəyə verilib. Bundan sonra göstərilən sərəncamlar əsasında torpaq sahəsinin kənd təsərrüfatı və balıqçılıq fəaliyyəti üçün icarəyə verilməsi məqsədi ilə Şirvan şəhər və Hacıqabul rayon İcra Hakimiyyətləri ilə «Hacıqabul balıq» ASC arasında müqavilələr bağlanıb. Araşdırma zamanı «Hacıqabul balıq» tərəfindən uzun müddət ərzində suyun Hacıqabul gölünün Kür çayı ilə tənzimlənməsinə xidmət edən nasosxana vasitəsi ilə gölə deyil, yalnız balıqyetişdirmə nohurlarına (süni göllərə) vurulduğu və gölü çay ilə birləşdirən kanalların tam təmizlənmədiyi aşkarlanıb. Bütün bunların nəticəsində suyun hidroloji rejimi pozulub, gölün təbii təmizlənmə qabiliyyəti azalıb və qurumağa başlayıb. «Hacıqabul balıq» ASC tərəfindən balıqçılıq əhəmiyyətli gölün çirklənmədən, zibillənmədən qorunması və gölün su rejiminin tənzimlənməsi istiqamətində heç bir tədbir görülməyib.
Nazirlikdən bildirilib ki, ətraf mühitin mühafizəsi qanunvericiliyinin tələblərini pozduğuna görə «Hacıqabul balıq» hüquqi şəxs qismində inzibati qaydada cərimələnib və aşkar olunmuş çatışmazlıqların aradan qaldırılması üçün müəssisəyə icrası məcburi olan müddətli «məcburi göstəriş» verilib.
«Hacıqabul balıq»ın torpaq qanunvericiliyi və qeyd edilən müqavilələrlə üzərinə düşən öhdəlikləri yerinə yetirmədiyinə görə onunla bağlanmış icarə müqavilələrinin ləğv edilməsi və Hacıqabul gölünün əvvəlki vəziyyətə gətirilməsi məqsədi ilə zəruri tədbirlərin görülməsi üçün ETSN Şirvan şəhər və Hacıqabul rayon icra başçılarına məktublar göndərib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR