Bank Of Baku

Azərbaycanın 200 kəndinin içməli su problemi həll ediləcək

Azərbaycanın 200 kəndinin içməli su problemi həll ediləcək
# 21 yanvar 2009 09:50 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva – APA. Ekologiya və Təbii Sərvətlər Nazirliyi içməli su ehtiyatlarının məhdud olduğu daha 200 kəndi təmiz su ilə təmin edəcək. Nazirlikdən APA-ya verilən məlumata görə, artıq bu istiqamətdə işə başlanıb. “Əhalinin ekoloji cəhətdən təmiz su ilə təminatının yaxşılaşdırılması ilə əlaqədar bəzi tədbirlər haqqında” prezident sərəncamı əsasında görülən bu işlərə uyğun olaraq 50 yaşayış məntəqəsində modul tipli sutəmizləyici qurğular quraşdırılıb. Nəticədə 55 min insan Ümumdünya Səhiyyə Təşkilatının standartlarına cavab verən içməli su ilə təmin olunub. Hazırda isə Naxçıvan Muxtar Respublikası da daxil olmaqla, 12 rayonun 140 min nəfər əhalisi olan daha 60 kəndində modul tipli sutəmizləyici qurğuların quraşdırılması işləri yekunlaşmaq üzrədir.

Nazirlikdən bildirilib ki, “Xəzər dənizinin çirklənmədən qorunması üzrə bəzi tədbirlər haqqında” prezident sərəncamı əsasında gündə 4070 kubmetr çirkab su təmizləmə gücünə malik, beynəlxalq standartlara cavab verən 27 modul tipli sutəmizləyici qurğuların quraşdırılması nəticəsində Abşeron yarımadasının Bilgəh, Buzovna, Mərdəkan, Pirşağı və Nardaran qəsəbələrində 9 stansiya istismara verilib. Bununla da “Xəzər dənizinin ekoloji mühitinin mühafizəsi sistemi” yaradılıb. Hazırda isə Abşeron yarımadasının şimal istiqamətində - Novxanı-Sumqayıt sahil boyu ərazilərində mövcud axarların üzərində modul tipli sutəmizləyici qurğulardan ibarət 7 stansiyanın qurulması işləri yekunlaşmaqdadır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR