Bank Of Baku

Azərbaycanın təhsil naziri Türkiyə təhsil nazirinin müavini ilə görüşüb

Azərbaycanın təhsil naziri Türkiyə təhsil nazirinin müavini ilə görüşüb
# 27 yanvar 2009 15:41 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva-APA. Təhsil Nazirliyində Türkiyənin təhsil nazirinin müavini Sadettin Sabazın başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirilib. APA-nın məlumatına görə, nümayəndə heyətinin bu səfəri Azərbaycan Təhsil Nazirliyi ilə Türkiyə Milli Təhsil Nazirliyi arasında təhsil və elm sahəsində əməkdaşlıq haqqında imzalanmış protokola əsasən təşkil olunub. Təhsil naziri Misir Mərdanov bildirib ki, görüşün əsas məqsədi Azərbaycanda texniki peşə təhsili sahəsindəki islahatlara Türkiyə tərəfinin edə biləcəyi köməyi müzakirə etməkdir. Nazirin sözlərinə görə, Türkiyə nümayəndə heyəti Azərbaycanın bir neçə model texniki peşə məktəbini seçərək onları Türkiyənin təcrübəsi əsasında yenidən quracaq. Nazir Azərbaycanda peşə təhsilinin maddi-texniki bazasının çox zəif olduğunu vurğulayıb: “Ümumiyyətlə, ölkədə peşə təhsilinə münasibət ciddi şəkildə dəyişməlidir. Türkiyədə icbari təhsili bitirənlərin 43 faizi peşə təhsili alır. Avropa ölkələrində bu rəqəm 70 faizdir. Bizdə isə 10 faizdir. Ona görə də bizim görəcəyimiz işlər çoxdur”.

Sadettin Sabaz isə bildirib ki, Türkiyədə peşə təhsili müəssisələrinə və texnikumlara qəbul beş il əvvəl Təhsil Nazirliyinə həvalə edilib. Hazırda Türkiyənin təhsil sistemində peşə təhsili ilə bağlı beş qurum fəaliyyət göstərir. S. Sabaz Türkiyənin peşə təhsili sahəsindəki təcrübəsindən Azərbaycanın da yararlanacağını və peşə təhsilinin inkişafı sahəsində Azərbaycana hər cür yardım göstəriləcəyini bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR