Bank Of Baku

Azərbaycan Dövlət Sosial Müdafiə Fondunun sədri Türkiyə səfirini qəbul edib

Azərbaycan Dövlət Sosial Müdafiə Fondunun sədri Türkiyə səfirini qəbul edib
# 29 yanvar 2009 08:58 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri Səlim Müslümov Türkiyənin ölkəmizdəki səfiri Hülusi Kılıcın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
DSMF-nın ictimaiyyətlə əlaqələr sektorunun müdiri Elman Babayevin «APA-Economics»ə verdiyi məlumata görə, nümayəndə heyətinə həmçinin səfirliyin sosial müdafiə məsələləri üzrə müşaviri Mustafa Gür və ticarət müşaviri Qazi Bilgin də daxil olub.
Qonaqlara DSMF-nın iş şəraiti ilə bağlı məlumat verən S.Müslümov daha sonra nümayəndə heyətini Fondun mərkəzləşdirilmiş idarəetmə, fərdi uçotun avtomatlaşdırılması sistemləri, tədris otağı, sosial sığorta şəhadətnamələrinin çapı mərkəzi ilə yaxından tanış edib. S.Müslümov qeyd edib ki, müasir standartlara uyğun qurulmuş sığorta-pensiya sisteminin idarə olunmasını avtomatlaşdırmaq üçün 6 il ərzində Fondun maddi-texniki bazası tamamilə yenidən qurulub, 60-dan yuxarı yerli şöbənin yeni inzibati binası istifadəyə verilib, hər bir şöbə üçün lokal şəbəkə qurulub, avtomatlaşdırılmış iş yerləri yaradılıb.
S.Müslümov həmçinin əlavə edib ki, aparılmış islahatlar nəticəsində Azərbaycanda aztəminatlı əhalinin pensiya təminatı sahəsində yeni bir sistem formalaşdırılıb, 2003-2005-ci illərdə pilot və hazırlıq tədbirləri başa çatdırılıb, 2006-cı ildən sığorta-pensiya sistemi ilə dövlət sosial yardım sistemlərinin bir-birindən ayrılması və beynəlxalq standartlar əsasında fəaliyyət göstərməsi təmin edilib. Bundan başqa, DSMF sədri qeyd edib ki, köhnə pensiya sistemi ilə əhatə olunmuş şəxslərin pensiya təminatı yeni normalara uyğunlaşdırılıb və onların yeni sistemin iştirakçısına çevrilməsi təmin olunub, əvvəlki pensiya işləri mərkəzləşdirilmiş qaydada arxivləşdirilərək elektron uçotu qurulub.
S.Müslümov qonaqların diqqətinə həmçinin hazırda ödənişdə olan pensiyaların 93%-i, yəni 1,03 mln. nəfərin pensiyasının ödənişi plastik kartlarla həyata keçirildiyini bildirib. Qarşıda duran vəzifələrdən danışan S.Müslümov vurğulayıb ki, yaxın vaxtlarda pensiya təyinatının avtomatlaşdırılması, əhaliyə ödənişlərin avtomatlaşdırılmasının başa çatdırılması, Fondun mərkəzi məlumat bazası ilə yerli şəbəkələrin birləşdirilməsi və korporativ idarəetmə sisteminin qurulması, Fondda qeydiyyatda olan bütün pensiyaçı və sığortaolunanların özlərinə aid istənilən məlumatı İnternet sistemi vasitəsilə dərhal əldə edə bilməsi üçün 3 mln. şəxsi əhatə edəcək ümumi məlumat bazasının yaradılması nəzərdə tutulur.
Öz növbəsində H.Kılıc Azərbaycanın sığorta-pensiya sistemində həyata keçirilən islahatları yüksək qiymətləndirib və bu islahatların bir çox inkişaf etmiş ölkələr üçün belə örnək ola biləcəyini vurğulayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR