Bank Of Baku

Azərbaycanda aparılan işçi ixtisarları haqqında dövlətə əlumat verməyən işəgötürənlər barəsində sərt tədbirlər görüləcək

Azərbaycanda aparılan işçi ixtisarları haqqında dövlətə əlumat verməyən işəgötürənlər barəsində sərt tədbirlər görüləcək
# 29 yanvar 2009 14:16 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Azərbaycanda işçilərinin ixtisarı ilə bağlı statistikanı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə (ƏƏSMN) təqdim etməyən işəgötürənlər barəsində sərt tədbirlər görüləcək. «APA-Economics»in məlumatına görə, bu barədə ƏƏSMN-in məşğulluq və demoqrafiya şöbəsinin müdiri Vahab Məmmədov məlumat verib.
V.Məmmədovun sözlərinə görə, işəgötürənlər işçiləri ixtisar etməmişdən iki ay əvvəl bu barədə məlumat verməli, həmçinin müvafiq qanunvericiliyə uyğun olaraq onları işdən azad olunandan sonrakı iki ay ərzində məvaciblə təmin etməlidir.
«Bu gün təəssüflər olsun ki, ixtisarlarla bağlı bizə məlumat verilmir. Nazirlik bu hallardan yalnız işdən azad olunan insanlar əmək yarmarkalarına və ya məşğulluq orqanlarına müraciət etdikdə xəbər tutur»,- deyə V.Məmmədov bildirib.
Nazirlik rəsmisi statistikanı vaxtında müvafiq qurumlara təqdim etməyən işəgötürənlər barəsində tədbirlərin sərtləşdirilməsi məqsədi ilə qanunvericiliyə müəyyən dəyişikliklərin planlaşdırıldığını vurğulayıb.
V.Məmmədov bildirib ki, son günlər təkcə «Akkord» şirkəti deyil, «Azərboru» ASC də məzuniyyətə göndərdiyi işçiləri geri çağırıb.
Nazirlik rəsmisi qeyd edib ki, hökumət dünyada davam edən maliyyə böhranının Azərbaycanda işsizliyə təsirinin qarşısını almaq üçün tədbirlər planı hazırlayır: «Hazırda maliyyə böhranının təsirləri araşdırılır və hökumət tərəfindən müvafiq tədbirlər həyata keçiriləcək. Bu tədbirlər vətəndaşların əmək tutumlu layihələrə, o cümlədən kənd yerlərində infrastruktur işlərinə cəlb edilməsindən və s. ibarət olacaq».
V.Məmmədov onu da əlavə edib ki, bu il işsizliyə görə verilən müavinətlərin məbləğinin artırılmasına baxıla bilər. Hazırda işsizliyə görə verilən müavinətin məbləği 55 manatdır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR