Bank Of Baku

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Kür və Araz çaylarında keçirdiyi son monitorinqin nəticələrini açıqlayıb

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Kür və Araz çaylarında keçirdiyi son monitorinqin nəticələrini açıqlayıb
# 02 fevral 2009 09:02 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva – APA. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti Kür və Araz transsərhəd çayları, onların transsərhəd qollarının çirklənmə səviyyəsini öyrənmək məqsədilə yanvarın II ongünlüyündə keçirdiyi monitorinqin nəticələrini açıqlayıb. Nazirliyin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, monitorinq zamanı Kür çayının Gürcüstan ərazisində transsərhəd çirklənməyə məruz qalan məntəqələrində suyun tərkibindəki spesifik çirkləndiricilərdən fenol və mis birləşmələrinin yol verilən qatılıq həddini dəfələrlə keçməsi qeydə alınıb. Çayın “Şıxlı-2” məntəqəsində suyun əsas çirkləndiricilərindən mis birləşmələri 4, Ağstafaçayda fenollar 2, mis birləşmələri 3, Ağstafaçay su anbarında isə mis birləşmələri 3 dəfə yol verilən həddi keçib. “Şıxlı-2” məntəqəsində və Ağstafaçay Su Anbarında fenollar norma daxilində olub. Biogen maddələr bütün məntəqələrdə normadan bir qədər artıq müşahidə edilib. Buna səbəb Gürcüstan və Ermənistan ərazisində təmizlənmədən birbaşa su obyektlərinə axıdılan məişət, heyvandarlıq və sənaye müəssisələrinin çirkab sularıdır.

Monitorinqin nəticələrinə görə, Ermənistanla transsərhəd olan Araz çayında da mis və fenolun miqdarı normadan dəfələrlə artıqdır. Belə ki, suyun əsas çirkləndiricilərindən olan fenollar Horadiz və I Şahsevən məntəqələrində 3, Bəhramtəpə məntəqəsində 2, mis birləşmələri Horadiz məntəqəsində 4, I Şahsevən və Bəhramtəpə məntəqələrində 3 dəfə yol verilən həddi keçib. Biogen maddələr bütün məntəqələrdə normadan bir qədər artıq müşahidə olunub ki, bunun da səbəbi Ermənistan ərazisində axıdılan çirkab sulardır.
Suyun oksigen rejimi bütün məntəqələrdə 6,98-9,32 mq/l arasında dəyişərək sanitar norma daxilində olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR