Bank Of Baku

Xəzərin Su Bioresursları Komissiyasının 29-cu iclasının üçüncü raundu İranda keçiriləcək

Xəzərin Su Bioresursları Komissiyasının 29-cu iclasının üçüncü raundu İranda keçiriləcək
# 03 fevral 2009 12:51 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva – APA. Xəzər dənizinin Su Bioresursları Komissiyasının 29-cu iclasının üçüncü raundu yaxın iki ay ərzində İranda keçiriləcək. Bu barədə APA-ya Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Su Hövzələrində Bioloji Resursların Artırılması və Mühafizəsi Departamentinin müşaviri Tariyel Məmmədli məlumat verib. O, iclasda 2009-cu il üçün Xəzərdə nərə cinsli balıqların ümumi ov həddi və onun milli kvotalara bölünməsi məsələsinin müzakirə ediləcəyini söyləyib. T. Məmmədli yanvarın 26-27-də Türkmənistanın paytaxtı Aşqabadda keçirilən iclasda ölkələrin kvota ilə bağlı qəti qərara gələ bilmədiklərini xatırladıb. Həmin toplantıda Xəzəryanı ölkələr üçün kvotaların hesablanmasına dair yeni meyarlarla bağlı da müzakirə aparılıb. Yeni meyarlar 2008-ci ilin ortalarından hazırlansa da, İran bunun təsdiqinə razılıq vermir. Aşqabad toplantısında qərara alınıb ki, işçi qrup yaxın iki ay ərzində bu məsələlər üzərində yenidən işləsin. Meyarlar təsdiqləndikdən sonra ölkələr üçün 2009-cu ilin kvotaları müəyyənləşəcək.

T. Məmmədli bildirib ki, hazırda kvotaların müəyyənləşməsi üçün beş meyar əsas götürülür. Son müzakirələrdə isə qanunsuz balıq ovu və Xəzərin çirkləndirilməsi kimi daha iki meyarın da əsas götürülməsi və bu meyarların sayının ümumilikdə 7-yə çatdırılması təklif edilib. Sonuncu iki meyar kvotaların azaldılmasında mühüm rol oynaya bilər.

Qeyd edək ki, 2008-ci il üçün bütün dəniz üzrə nərə cinsli balıqların ümumi ov həcminin həddi 1061,02 ton (2007-ci ilə nisbətən 10 ton az) həcmində qəbul olunmuşdu. Xəzəryanı ölkələr arasında Azərbaycan üçün 90, Qazaxıstan üçün 182,5, İran üçün 440, Rusiya üçün 286,5, Türkmənistan üçün 62 ton milli kvota müəyyənləşmişdi. Ötən il ixrac qara kürü kvotaları Azərbaycan üçün 6660, Qazaxıstan üçün 13270, İran üçün 42200, Rusiya üçün 24200, Türkmənistan üçün 5057 kq idi. Azərbaycan ötən ilki kvotasını tam yerinə yetirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR