Bank Of Baku

Təhsil Nazirliyi mərkəzləşdirilmiş qaydada yoxlama-buraxılış imtahanlarının tarixlərini açıqlayıb

Təhsil Nazirliyi mərkəzləşdirilmiş qaydada yoxlama-buraxılış imtahanlarının tarixlərini açıqlayıb
# 09 fevral 2009 14:46 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva – APA. Təhsil Nazirliyi 2008-2009-cu tədris ilində orta təhsil kursu üzrə buraxılış imtahanlarını bütün ümumtəhsil sistemində mərkəzləşdirilmiş qaydada aparacaq. Nazirlikdən APA-ya verilən məlumata görə, imtahan mərkəzləri üzrə hər sinif otağında 18 şagird imtahan verəcək. Buna müvafiq olaraq şagirdlər üçün 18 variantda test sual kitabçası hazırlanıb. Bir bölgədə keçirilən yoxlama imtahanında tətbiq olunan test sual kitabçaları digər bölgələrdə istifadə edilməyəcək, yəni test sual kitabçaları hər bölgə üzrə müxtəlif olacaq. Hər şagirdin “Cavab kartı” üzərində onun şəkli çap ediləcək.

Bölgələr üzrə mərkəzləşdirilmiş qaydada yoxlama imtahanlarının tarixləri də açıqlanıb. Fevralın 22-də peşə liseyləri üzrə 29 imtahan mərkəzində 4495 şagird, martın 1-də Bakı, Sumqayıt şəhərləri, Abşeron və Qobustan rayonları üzrə 78 imtahan mərkəzində 3579 şagird, martın 15-də Quba, Qusar, Xızı, Siyəzən və Dəvəçi rayonları üzrə 15 imtahan mərkəzində 5847 şagird, martın 29-da Mərkəzi Aran və cənub rayonları üzrə 76 imtahan mərkəzində 24952 şagird, aprelin 5-də şimal-qərb rayonları üzrə 40 imtahan mərkəzində 14046 şagird, aprelin 12-də qərb rayonları üzrə 55 imtahan mərkəzində 20997 şagird imtahan verəcək.

Müvafiq təlimata uyğun olaraq şagird imtahana mobil telefon gətirməməlidir. Əks halda o, imtahan otağından kənarlaşdırılacaq və imtahan nəticələri ləğv olunacaq.

Nazirlikdən bildirilib ki, bu tədris ilindən mərkəzləşdirilmiş qaydada keçirilən yoxlama və buraxılış imtahanlarına ilk dəfə cəlb olunmuş bütün ümumtəhsil məktəblərinə test bankı paylanılıb. Keçən illərdən mərkəzləşdirilmiş qaydada keçirilən yoxlama və buraxılış imtahanlarında iştirak edən məktəblər isə ötən tədris ilində onlara verilmiş test bankından istifadə edə bilərlər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR