Bank Of Baku

Azərbaycanda 547 min nəfərin əmək pensiyası indeksləşdiriləcək

Azərbaycanda 547 min nəfərin əmək pensiyası indeksləşdiriləcək
# 10 fevral 2009 14:28 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan prezidentinin «Əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsi haqqında» sərəncamına əsasən, Dövlət Sosial Müdafiə Fondu (DSMF) tərəfindən 547 min nəfərin əmək pensiyasının sığorta hissəsi indeksləşdiriləcək.
DSMF-nin ictimaiyyətlə əlaqələr sektorunun rəhbəri Elman Babayevin «APA-Economics»ə verdiyi məlumata görə, bu şəxslərin hər birinin pensiyası orta hesabla 6 manat artacaq: «Ümumilikdə isə artımlar fərqli olacaq. Yəni, kimin əmək pensiyasının sığorta hissəsi daha yüksəkdirsə, onun pensiyasının artımı daha yüksək olacaq».
Sərəncama uyğun olaraq, fərdi uçot sistemində fərdi hesabların sığorta hissəsində qeydə alınmış pensiya kapitalı məbləğlərinin indeksləşdirilməsi də həyata keçiriləcək. Ümumilikdə, əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsi üçün hər ay təqribən 3,2 mln. manat, il ərzində isə 38,5 mln. manat əlavə vəsait tələb olunacaq. Bu vəsait DSMF-nin büdcəsində əksini tapıb. «Hazırda maliyyələşmənin həyata keçirilməsi üçün heç bir problem yoxdur və bu artımdan sonra Azərbaycanda orta aylıq pensiyanın məbləği 99 manata çatacaq», - deyə Fondun rəsmisi vurğulayıb.
Qeyd edək ki, «Əmək pensiyaları haqqında» qanuna əsasən, əmək pensiyasının sığorta hissəsi və fərdi hesabın sığorta hissəsində toplanan pensiya kapitalı ildə bir dəfədən az olmamaqla istehlak qiymətləri indeksinin illik səviyyəsinə indeksləşdirilir. Dövlət Statistika Komitəsinin rəsmi məlumatına əsasən, 2008-ci ildə istehlak qiymətləri indeksinin illik səviyyəsi (inflyasiya) 20,8% olub.
Xatırladaq ki, «Əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsi haqqında» sərəncam dövlət başçısı tərəfindən fevralın 9-da təsdiqlənib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR