Bank Of Baku

İqtisadi və Sosial İnkişaf Mərkəzi: «Ölkədə fəaliyyət göstərən bələdiyyələrin 50%-i icbari audit yoxlamasından yayınır»

İqtisadi və Sosial İnkişaf Mərkəzi: «Ölkədə fəaliyyət göstərən bələdiyyələrin 50%-i icbari audit yoxlamasından yayınır»
# 16 oktyabr 2009 11:11 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Bu gün Bakıda İqtisadi və Sosial İnkişaf Mərkəzinin (İSİM) Yerli hökumət və İctimai Xidmətlərdə Təşəbbüslər (LGİ) təşkilatının dəstəyi ilə həyata keçirdiyi «Yerli hakimiyyət orqanlarında audit sisteminin inkişafı» adlı layihənin yekunlarına həsr olunmuş mətbuat konfransı keçirilib.

«APA-Economics»in məlumatına görə, layihənin rəhbəri Vüqar Bayramov bildirib ki, layihə çərçivəsində Azərbaycanda audit sisteminin vəziyyəti öyrənilib, yerli hakimiyyət orqanlarında audit sisteminin təkmilləşdirilməsi istiqamətləri tədqiq edilib, həmçinin audit qanunvericiliyinin və audit işinin təhlili ilə bağlı nəşrlər hazırlanaraq yerli hakimiyyət orqanlarına paylanılıb.

V.Bayramovun sözlərinə görə, sorğular nəticəsində bələdiyyələrin əksəriyyətində auditin aparılmadığı, daxili auditorların sayının kifayət qədər olmadığı, əksər bələdiyyələrdə isə ümumiyyətlə, daxili auditorun olmadığı, eləcə də auditin və daxili auditin əhəmiyyətinin düzgün qiymətləndirilmədiyi aşkarlanıb.

V.Bayramov qeyd edib ki, son illər ərzində auditə marağın artması və qanunvericilik bazasının gücləndirilməsi istiqamətində atılan addımlara baxmayaraq, bu sahədə təkmilləşdirmə işlərinin davam etdirilməsinə ehtiyac duyulur. Bu təkmilləşdirmələrə audit yoxlamaları aparan bələdiyyələrə nisbətən audit yoxlamasından keçməyən bələdiyyələrə daha az dotasiya ayrılması və audit yoxlamaları ilə bağlı nəzarətin gücləndirilməsi kimi məsələlər daxildir.

Tədbirdə iştirak edən millət vəkili Nazim Məmmədov çıxışında ölkədə fəaliyyət göstərən bələdiyyələrdə auditin istənilən səviyyədə olmadığını bildirib: «Bələdiyyələr Azərbaycanda yeni yaradılmış özünü idarəetmə orqanı olduğu üçün dövlət büdcəsindən ayrılan dotasiyalar bu qurumlara bir müddət lazımdır. Lakin mən bu dotasiyaların əleyhinəyəm. Çünki bu dotasiya və güzəştlər həmin qurumlarda tənbəllik yaradır».

Tədbirin sonunda sorğunun nəticələri ilə bağlı təqdimat nümayiş etdirilib. Təqdimatda 2008-ci il ərzində ölkədə fəaliyyət göstərən 2700 bələdiyyədən yalnız 52%-nin audit yoxlamasından keçdiyi bildirilir. Xarici investisiyalı müəssisələrdə bu göstərici 14% olub. Ən yaxşı göstərici bank təşkilatlarında qeydə alınıb ki, bu da 80%-ə yaxın olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR