Bank Of Baku

Sumqayıt Dövlət Texniki Kollecinin 50 illik yubileyi qeyd edilib

Sumqayıt Dövlət Texniki Kollecinin 50 illik yubileyi qeyd edilib
# 21 oktyabr 2009 12:11 (UTC +04:00)
Bakı – APA. Bu gün Sumqayıt Dövlət Texniki Kollecinin yaradılmasının 50 illik yubileyi münasibətilə Səməd Vurğun adına Mədəniyyət Sarayında tədbir keçirilib. Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının müşaviri Teymur Vəliyevin APA-ya verdiyi məlumata görə, tədbirdə təhsil naziri Misir Mərdanov, Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Vaqif Əliyev və şəhər təhsil müəssisələrinin əməkdaşları iştirak edib.

Tədbiri giriş sözü ilə açan Kollecin direktoru Mətanət Pirquliyeva “Kollecin dünəni və bu günü” adlı məruzə ilə çıxış edib. Daha sonra tədbirdə çıxış edən Sumqayıt ŞİH-in başçısı V.Əliyev respublikada iri və müasir sənaye müəssisələrinin yaradılmasında texniki işçilərin böyük əhəmiyyəti olduğunu və bu kadrların hazırlanmasında məhz vaxtilə Sumqayıt Kimya-Texnologiya Texnikumu adlandırılan bu kollecin böyük rolu olduğunu vurğulayıb. O, kollecin bir neçə əməkdaşını Sumqayıt ŞİH-in Fəxri Fərmanı ilə təltif edib.

Təhsil naziri M.Mərdanov kollecin 50 illik və eləcə də Sumqayıtın 60 illik yubileyi münasibətilə tədbir iştirakçılarını təbrik edib. O, yubiley münasibətilə kollecin 13 müəllimini Təhsil Nazirliyinin təşəkkürü, 7 müəllimini Təhsil Nazirliyinin Fəxri Fərmanı, 3 müəllimini isə “Qabaqcıl təhsil işçisi” döş nişanı ilə təltif edib.

Qeyd edək ki, kollec 1959-cu ildə Sumqayıt Kimya-Texnologiya Texnikumu adı altında yaradılıb. Azərbaycan prezidentinin 1999-cu il 15 iyun tarixli 168 saylı sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının təhsil sahəsində islahat Proqramı”na əsasən, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 26 avqust 2002-ci il tarixli 140 saylı qərarı və Azərbaycan Respublikası Təhsil Nazirliyinin 06 sentyabr 2002-ci il tarixli 878 saylı əmri ilə “Sumqayıt Texnologiya Texnikumu”nun adı dəyişdirilərək “Sumqayıt Dövlət Texniki Kolleci” adlandırılıb.

Hazırda kollecdə 146 müəllim çalışır, 1141 tələbə təhsil alır. Kollecdə 3 əyani – “Avtomobil nəqliyyatı”, “Gömrük və laboratoriya diaqnostikası”, “Əmək təlimi və iqtisadiyyat” və 1 qiyabi şöbəsi fəaliyyət göstərir. Kollecin 19 tədris otağı, 7 laboratoriya və mexaniki-çilingər emalatxanası var.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR