Bank Of Baku

Gələn il Gəncədə əhəmiyyətli sosial layihələr həyata keçiriləcək

Gələn il Gəncədə əhəmiyyətli sosial layihələr həyata keçiriləcək
# 21 oktyabr 2009 22:45 (UTC +04:00)
Gəncə. Cəmşid Bəxtiyar – APA. Gəncə şəhər İcra Hakimiyyətində cari ilin ilk 9 ayının yekunlarına dair hesabat iclası keçirib. APA-nın qərb bürosunun məlumatına görə, toplantıda şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov, dövlət qurumlarının regional təmsilçiləri, yerli idarə və müəssisə rəhbərləri iştirak ediblər.

İclası giriş sözü ilə E.Əzizov açdıqdan sonra ictimai-siyasi şöbənin müdiri Sahib Quliyevin son 9 ayın yekunlarını əks etdirən hesabat məruzəsi dinlənilib. Məruzədə 16 oktyabr 2009-cu ildə Nazirlər Kabinetində keçirilən ölkə miqyaslı analoji tədbirdə prezident İlham Əliyevin açıqladığı statistik rəqəmlər və digər inkişaf göstəricilərinin Gəncənin payına düşən hissəsindən bəhs edilib. Belə ki, son 9 ay ərzində Gəncədə Ümumi Daxili Məhsul istehsalının həcmi 177 milyon manat təşkil edib. Onun 44%-i sənayenin, 53%-i kənd təsərrüfatının, qalanı isə nəqliyyat, rabitə, məişət xidməti və digər sahələrin payına düşür.

Hesabatda inkişafla bərabər nöqsanlardan da bəhs edilib: əhalinin aztəminatlı hissəsinə dövlət yardımları sahəsində, su təchizatında, torpaq fondunun qorunması və səmərəli istifadəsində problemlərin olduğu iştirakçıların diqqətinə çatdırılıb, əlaqədar qurumlara onların həlli ilə bağlı konkret göstərişlər verilib. Sonda şəhərin inkişafına təkan verəcək bəzi təkliflər səsləndirilib. Onlardan biri Gəncə Gil-Torpaq Zavodunun tullantıları ilə çirklənmiş 310 hektara qədər sahənin təmizlənməsi haqda olub. Təklif bəyənilib və uyğun layihənin hazırlanması üçün mütəxəssislərin cəlb edilməsi qərara alınıb.

İclasda çıxış edən E.Əzizov Gəncənin simasını əhəmiyyətli dərəcədə dəyişəcək layihələrdən də söz açıb. Onun dediyinə görə, Gəncəçay yatağının, sahil xətlərinin yenidən qurulması layihəsi artıq təsdiqlənib və gələn ildən maliyyələşdiriləcək. Bundan başqa, “Kəpəz” stadionu yenidən qurulacaq və onun yanında tikilən mehmanxana ilə birlikdə kompleks olaraq idmançıların ixtiyarına veriləcək. E.Əzizov təkcə bu layihəyə 6 milyon manat vəsait ayrıldığını bildirib. O, ölkə əhəmiyyətli idman tədbirlərinin bəzilərinin bundan sonra həmin stadionda keçirilməsi barədə razılığın da əldə edildiyini açıqlayıb.

Gəncə üçün əhəmiyyətli olan daha bir xəbər isə “Bakı” kinoteatrının əsasında yeni konsert salonunun tikilməsi ilə bağlıdır. Bu layihə də gələn ildən maliyyələşdiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR