Bank Of Baku

Azərbaycanda iqtisadi fəal əhalinin sayı 4,329 mln. nəfərə çatıb

Azərbaycanda iqtisadi fəal əhalinin sayı 4,329 mln. nəfərə çatıb
# 22 oktyabr 2009 09:08 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycanda iqtisadi fəal əhalinin sayı 2009-cu ilin oktyabr ayının 1-i vəziyyətinə 4,329 mln. nəfər olub, onlardan 4 068,5 min nəfərini iqtisadiyyatın və sosial bölmənin müxtəlif sahələrində məşğul olan əhali təşkil edib.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, cari ilin yanvar-avqust aylarında məşğul əhalinin tərkib hissəsi olan muzdla işləyənlərin siyahı sayı 1 377,8 min nəfər, iqtisadiyyatın dövlət bölməsində 867,4 min nəfər, qeyri-dövlət bölməsində 488,2 min nəfər olmaqla orta siyahı sayı 1 355,6 min nəfər təşkil edib.

Müəssisə və təşkilatlarda muzdla çalışan işçilərin 19,9%-i istehsal sahələrində çalışıb, onlardan 12,2%-i sənayedə, 4,9%-i tikintidə, 2,8%-i kənd təsərrüfatı, ovçuluq, meşə təsərrüfatı və balıqçılıq sahəsində məşğul olub. Xidmət sahəsində çalışanların 25,5%-i təhsil, 19,6%-i topdan və pərakəndə ticarət; avtomobillərin, məişət məmulatlarının və şəxsi istifadə əşyalarının təmiri, 10,1%-i səhiyyə və sosial xidmətlərin göstərilməsi, 6,8%-i nəqliyyat, anbar təsərrüfatı və rabitə, 6,3%-i digər kommunal, sosial və şəxsi xidmətlərin göstərilməsi, 5%-i daşınmaz əmlakla əlaqədar əməliyyatlar, icarə və istehlakçılara xidmət göstərilməsi, 4,2%-i dövlət idarəetməsi və müdafiə sahəsində, 2,6%-i isə digər sahələrdə cəmlənib.

Ölkə ərazisində hüquqi şəxslərdə iqtisadi əmək fəaliyyəti ilə məşğul olan əcnəbi əməkçi miqrantların sayı cari ilin yanvar-avqust aylarında 5 min nəfər təşkil edib və onlar müxtəlif fəaliyyət sahələrində - sənayedə (1,4 min nəfər), tikintidə (1,6 min nəfər), daşınmaz əmlakla əlaqədar əməliyyatlar, icarə və istehlakçılara xidmət göstərilməsi sahəsində (0,7 min nəfər), topdan və pərakəndə ticarət; avtomobillərin, məişət məmulatlarının və şəxsi istifadə əşyalarının təmiri (0,6 min nəfər), təhsil sahəsində (0,4 min nəfər) və digər sahələrdə (0,3 min nəfər) işləyib.

Cari il oktyabr ayının 1-i vəziyyətinə məşğulluq xidməti orqanları tərəfindən ölkə üzrə rəsmi işsiz statusu verilmiş şəxslərin sayı 42 952 nəfər olub, onların 44,6%-ni qadınlar təşkil edib. Bir boş iş yerinə tələbat işsiz statusuna malik olan 3 nəfər şəxsdən ibarət olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR