Bank Of Baku

Azərbaycanda insan alverindən zərər çəkən şəxslərə reinteqrasiya dövründə ödənilən müavinətin məbləği 600 manata çatdırılacaq

Azərbaycanda insan alverindən zərər çəkən şəxslərə reinteqrasiya dövründə ödənilən müavinətin məbləği 600 manata çatdırılacaq
# 26 oktyabr 2009 13:08 (UTC +04:00)
Bakı. Elbrus Seyfullayev – APA. İnsan alverinə qarşı mübarizədə həyata keçirilən tədbirlərin maliyyələşdirilməsinə Daxili İşlər Nazirliyinin büdcəsindən hər il orta hesabla 500 min manat vəsait ayrılır. Bu il isə “Azərbaycan Respublikasının qeyri-hökumət təşkilatlarına dövlət dəstəyi Konsepsiyası”na uyğun olaraq hökumət tərəfindən transmilli cinayətlərə, o cümlədən insan alverinə qarşı mübarizə layihələrinə bütövlükdə 83 min manat məbləğində qrantlar müəyyən edilib. Bütövlükdə isə insan alverinə qarşı mübarizə məqsədlərinə 2004-2008-ci illərdə sərf olunmuş dövlət vəsaitinin həcmi təxminən 4 milyon manat təşkil edib. APA-nın xəbərinə görə, bu məlumat İnsan Alverinə Qarşı Mübarizə üzrə Milli Koordinatorun Azərbaycanda insan alverinə qarşı mübarizəyə dair Milli Məclisə təqdim etdiyi hesabatından götürülüb. Sabah Milli Məclisdə müzakirəyə təqdim ediləcək hesabatda qeyd olunub ki, nazirliyin büdcəsindən ayrılan 17 min 500 manat vəsait hesabına İnsan Alverinə Qarşı Mübarizə İdarəsində veb sayt yaradılıb və bu ilin may ayından fəaliyyətə başlayıb: “Milli İstiqamətləndirmə Mexanizminin həyata keçirilməsi məqsədilə respublikanın 14 nazirlik, xidmət və komitəsini təmsil edən nümayəndələrdən ibarət İdarələrarası Komissiyası yaradılıb və onun işinin təşkili qaydası təsdiq edilib. Həmçinin, insan alverinə qarşı mübarizədə iştirak edən dövlət orqanlarının xüsusi polis qurumu ilə qarşılıqlı əlaqələrin təmin edilməsi məqsədilə əlaqələndirici qismində əməkdaşlar müəyyən olunub” .

Hesabatda, həmçinin bildirilib ki, icrası təmin edilən vacib tədbirlərdən biri də insan alverindən zərər çəkmiş şəxslərə reinteqrasiya dövründə ödənilən müavinətin məbləğinin mərhələlərlə artırılaraq bu sahədə xarici dövlətlərdə mövcud olan məbləğə - təxminən 600 manat səviyyəsinə çatdırılması olub. Bununla əlaqədar Nazirlər Kabineti qarşısında vəsatət qaldırılıb və məsələ yaxın günlərdə həllini tapacaq: “Azərbaycanın “İnsan alverinə qarşı fəaliyyət üzrə Avropa Şurası Konvensiyasına qoşulması üçün Xarici İşlər Nazirliyi ilə birgə lazımi hazırlıq işləri davam etdirilir. İnsan alverinə qarşı mübarizə sahəsində qanunvericiliyin təkmilləşdirilməsi, Cinayət Məcəlləsinə hüquqi şəxslərin məsuliyyətini müəyyən edən əlavə dəyişikliklərin edilməsi məqsədilə Baş Prokurorluq, Daxili İşlər, Ədliyyə, Xarici İşlər, Milli Təhlükəsizlik nazirliklərinin nümayəndələrindən, habelə Azərbaycan Respublikası Ali Məhkəməsində yaradılmış işçi qrupları tərəfindən müvafiq qanun layihələri hazırlanıb”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR