Bank Of Baku

Milli Məclisin sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli “Əmək pensiyaları haqında” qanuna əlavə və dəyişiklikləri APA-ya şərh edib

Milli Məclisin sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli “Əmək pensiyaları haqında” qanuna əlavə və dəyişiklikləri APA-ya şərh edib
# 27 oktyabr 2009 14:48 (UTC +04:00)
Bakı-APA. Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli “Əmək pensiyaları haqında” qanuna əlavə və dəyişiklikləri APA-ya şərh edib. Qeyd edək ki, Milli Məclisin bugünkü iclasında ciddi müzakirələrə səbəb olan qanun layihəsi, cəmiyyət tərəfindən də birmənalı qarşılanmayıb.

Komitə sədri Hadı Rəcəbli tərəfindən qanuna əlavə və dəyişiklikləri belə əsaslandırıb: “Azərbaycan Respublikası suveren dövlət olaraq bir sosial iqtisadi sistemdən digərinə keçir. Bütün sahələrdə olduğu kimi, sosial siyasət sahəsində də yeni sistemə inteqrasiya edilir və cəmiyyət labüd transformasiya proseslərini yaşayır. Ölkədə gedən geniş miqyaslı yeniləşmələr, sosial islahatlar sığorta və pensiya sistemindən də yan keçməyib. Son illər bu sahədə atılan inamlı, ardıcıl addımlar və müasir strukturlaşma populizmdən uzaq, liberal iqtisadiyyat və bazar qanunlarına uyğun ünvanlılıq özünün müsbət bəhrələrini verir. Prezident İlham Əliyevin ötən ilin sonunda imzaladığı “2009-2015-ci illərdə sığorta-pensiya sisteminin inkişafına dair Dövlət Proqramı” bu baxımdan böyük əhəmiyyət kəsb edir. Sığorta sisteminin həmrəylik prinsipindən fərdi uçot prinsipinə keçidi nə qədər çətin və ağrılı olsa da, bu sahə təkmilləşir və informasiya kommunikasiya texnologiyaları ilə zənginləşərək, sosial müdafiənin daha da möhkəmlənməsinə və sosial ədalətin bərpasına xidmət edir. Bu qanun layihəsi də əsasən məqsədlərə xidmət edən proqressiv sənədlərdən biridir. Layihə hazırlanarkən pensiya-sığorta qurumlarının işinin təkmilləşdirilməsinin baş prinsipləri, dünya ölkələrinin təcrübəsi, keçid dövrü yaşayan dövlətlərin mütərəqqi metodologiyaları, sığorta maliyyələşməsinin əsas mənbələrinin təsnifatı əldə rəhbər tutulub”.

Hadı Rəcəblinin sözlərinə görə, layihədəki dəyişikliklər və əlavələri əsasən 4 qrupda paket şəklində ümumiləşdirmək olar: “1-ci paket düzəlişlər pensiya yaşının artırılmasını özündə ehtiva edir. Komporativ təhlil baxımından həm dünya ölkələrinin, həm də ayrıca MDB məkanında olan dövlətlərin qadın və kişilərinin pensiya yaşının müqayisəli təhlili deputat həmkarlarım üçün maraqlı olardı. Gürcüstan və Ermənistandakı göstəricilərə nəzər salaq. Gürcüstanda pensiya yaşı kişilər üçün 65, qadınlar üçün 60-dır, Ermənistanda isə bu hədd müvafiq olaraq kişilər üçün 63, qadınlar üçün 62-dir. Başqa dövlətlərə nəzər salaq. Tacikistanda kişilər üçün bu yaş 63, qadınlar üçün 58-dir, Latviyada kişi və qadınlar üçün pensiya yaşı 62-dir. Əsasən Avropa ölkələrində kişilər və qadınlar 65 yaşda pensiyaya çıxırlar. Şərqi Avropa ölkələrindən Macarıstanda kişi və qadınların pensiya yaşı 62-dir. Bununla bərabər Norveçdə bu göstərici 67 yaş, Yaponiyada isə 70 yaşdır. Opponentlərimiz bizə bəzən Rusiya və Belarusda olan yaş hədlərini misal gətirmək istəyirlər. Vurğulamağı lazım bilirəm ki, hər iki ölkədə pensiyanın ödəmə müddəti Azərbaycandan fərqli olaraq, 144 ay deyil, 234 ay hesablanır. Əlbəttə bu da pensiya məbləğinə və digər göstəricilərə birbaşa və dolayısı yolla mənfi təsir göstərir”.

Hadı Rəcəbli daha bir arqument gətirib: “Son günlər “Təhsil haqqında” qanun qəbul edildikdən sonra vətəndaşlardan parlamentə onlarla məktub daxil olmağa başladı. Bu məktublarda təkcə təhsil yox, digər sahələrdə də sağlam adamların məcburi pensiyaya göndərilməsi tendensiyasının mövcudluğu vurğulanırdı. Bu məktubların əsas mahiyyəti ondan xəbər verir ki, Azərbaycanda hiss olunan dərəcədə ömür artıb və yaşlı insanların sağlamlıq durumu xeyli yaxşılaşıb. Onu da vurğulamağı vacib bilirəm ki, bu gün pensiya yaşının artımını çox ciddi sosial gərginlik mövzusu kimi cəmiyyətə sırımaq istəyənlər bilməlidirlər ki, bu sahədə atılan addımlar tədricən, zaman-zaman həyata keçiriləcək və hər il 6 ay müddətinə pensiya yaşı artırılacaqdır. Son nəticədə altı ildən sonra qadınlar 60 yaşdan, kişilər isə iki ildən sonra 63 yaşda pensiyaya çıxacaqlar. İslahatların biri də sığorta stajı ilə bağlı məsələlərdir”.

Hadı Rəcəbli qeyd olunan sığorta islahatları ilə bağlı dövlət proqramında bu sistemin daha da təkmilləşdirilərək büdcədən asılılığının azaldılmasına xüsusi önəm verildiyini deyib: “Təqdim olunan layihədə dəyişikliklərdən biri də əmək pensiyasını sənədləşdirmək üçün minimum sığorta stajının 5 ildən 12 ilə və imtiyazlı hallarda 10 ilə çatdırılması müddəalarıdır. Belə ki, hazırda Azərbaycanda pensiya sistemindən çıxan, yəni dünyasını dəyişən kişilərin orta yaşı 74.7, qadınların isə 75.8-dir. Beləliklə, indiki yaş həddində kişilər 12.7 il, qadınlar isə 18.8 il pensiya alırlar. Məntiqi olaraq müasir sığorta sisteminin tələblərinə zidd olaraq bəzən 5 il sığorta haqqı ödəmiş insan uzun illər pensiya haqqı alır, sığorta büdcəsində artıq yük olurlar ki, bu da bazar qanunlarına və müasir sığorta sisteminin fərdi uçot prinsiplərinə daban dabana ziddir. Digər paket məsələlər imtiyazlı pensiya təyinatları ilə bağlı sənədləşdirilməsi vacib olan məsələlərdir. Burada daha çox diqqəti cəlb edən müddəa çoxuşaqlı sayılan anaların uşaqlarının sayının 3-dən 5-ə qaldırılmasıdır”.

Hadı Rəcəbli qeyd edib ki, MDB məkanında olan ölkələrin hamısında, hətta demoqrafik böhran yaşayan Rusiya, Ukrayna, Belarus və Estoniyada da ancaq beş uşağı olan qadınlar çoxuşaqlı ana sayılırlar: “Nəzərə alsaq ki, ötən il Azərbaycanda təbii artım 1.11% təşkil edib və pensiyada olan 550 minə yaxın qadının, çoxuşaqlılığa görə imtiyazlı olanlarının sayı cəmi 12 min nəfərdir. Beləliklə aydın olur ki, məsələnin təqdim olunan layihədəki kimi qəbul olunması dünya təcrübəsinə, obyektiv reallıqlara tam cavab verir. Dünyanın yüzdən çox ölkəsində 5 və daha çox uşağı olan qadınlara yaşa görə əmək pensiyası müəyyənləşdirilərkən ancaq 5 il güzəşt verilir. Amma müzakirə etdiyimiz layihədə isə 5 uşağa görə 5 il güzəşt verilməklə yanaşı həm də hər əlavə uşaq üçün yaş azaldılmaqla bir il də əlavə güzəşt nəzərdə tutulur. Beləliklə, əgər pensiyaya çıxan qadının 7 uşağı olarsa, onun pensiya yaşı 7 il aşağı salınır”.

Hadı Rəcəbli pensiyaların baza hissəsinə nəzərdə tutulan artımla bağlı da məlumat verib: “İmtiyazlarla bağlı onu vurğulamağı məqsədəuyğun sayıram ki, 5372 nəfər Böyük Vətən Müharibəsi əlili, veteranı və iştirakçılarının hər biri üçün pensiyanın baza hissəsi əlavə olaraq 30 manat həcmində artırılacaq. Təqdim olunan başqa paket əlavə və dəyişikliklər sığorta sisteminin islahatları ilə bağlı sosial müdafiəni xeyli artıran addımlardır. Belə ki, gələn il yanvarın 1-dən pensiyaya çıxan vətəndaşlar əvvəlki illərdən fərqli olaraq pensiyanın fərdi uçot bazasına 2006-cı ilin yanvarından əvvəlki illərin hər ayına görə o dövrlər üçün ən yüksək orta əmək haqqı olan 170 manat hesablanmaqla ödənilə bilən sığorta həcmi miqdarında transfert aparılacaq. Bu da 25 ildən çox əmək stajı olan müəllimlərə 50 manat, həkimlərə 30 manat və digər sahələrin işçilərinə müvafiq qaydada hətta 100 manatdan çox pensiyaya əlavə hesablamasına kömək edəcək”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR