Bank Of Baku

Bakıda bütün orta məktəblərdə “donuz qripi”nə qarşı dezinfeksiya işləri aparılacaq

Bakıda bütün orta məktəblərdə “donuz qripi”nə qarşı dezinfeksiya işləri aparılacaq
# 28 oktyabr 2009 09:45 (UTC +04:00)
Bu barədə APA-ya Bakı Şəhəri üzrə Təhsil İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Zəminə Əliqızı bildirib. Onun sözlərinə görə, dezinfeksiya işləri Bakı Şəhər Gigiyena və Epidemiologiya Mərkəzinin xəbərdarlıq məktubu əsasında aparılacaq: “Məktubda son günlər Türkiyədə və Rusiyada “donuz qripi” virusunun yayılması ilə əlaqədar məktəblərin bağlanmasının Azərbaycan ictimaiyyətinin narahatlığına səbəb olduğu bildirilir. Məktubda o da qeyd olunur ki, Azərbaycanda “donuz qripi”nin yayılması ilə bağlı hələlik ciddi narahatlığa əsas yoxdur, lakin əhali arasında, o cümlədən təhsil müəssisələrində profilaktik tədbirlərin aparılması məqsədəuyğun hesab olunur. Bu həftənin şənbə və bazar günləri Bakıdakı bütün ümumtəhsil məktəblərində dezinfeksiya işləri aparılacaq. Təhsili 5 günlük olan məktəblərdə bu işlər həftənin 6-cı günü, təhsili 6 günlük olan məktəblərdə isə bazar günləri aparılacaq”.

Z. Əliqızı bildirib ki, gələn həftənin birinci günündən məktəblər öz fəaliyyətlərini normal şəkildə davam etdirəcəklər: “Valideynlərə də xəbərdarlıq edirik ki, əgər uşaqlarında hər hansı qrip əlamətləri hiss etsələr, onları məktəbə buraxmasınlar”. Z. Əliqızının sözlərinə görə, “donuz qripi” təhlükəsi ilə bağlı məktəblərdə fəaliyyət göstərən tibb məntəqələrinin rəhbərlərinə də nəzarəti gücləndirmək tapşırılıb: “Tapşırığa əsasən, dərs saatlarında hər hansı şagirddə qrip əlamətləri hiss olunarsa, dərhal həmin uşaqlar təcrid edilməlidir”.

Qeyd edək ki, dezinfeksiya işləri ilkin olaraq yalnız ümumtəhsil məktəblərində aparılacaq. Hazırda Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində 326 məktəb var. Həmin məktəblərdə 326 minə yaxın şagird təhsil alır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR