Bank Of Baku

“Azərbaycandakı miqrantların mövcud durumu və problemlər” mövzusunda dəyirmi masa keçirilib

“Azərbaycandakı miqrantların mövcud durumu və problemlər” mövzusunda dəyirmi masa keçirilib
# 28 oktyabr 2009 14:23 (UTC +04:00)
Bakı. Hafiz Heydərov – APA. Bakıda “Azərbaycandakı miqrantların mövcud durumu və problemlər” mövzusunda dəyirmi masa keçirilib. APA-nın məlumatına görə, tədbiri “Azərbaycanda Miqrant və Məcburi Köçkünlərin Hüquqlarının Müdafiəsi” və “İnsan Hüquqları üzrə İctimai Şura” ictimai birlikləri təşkil edib. “Azərbaycanda Miqrant və Məcburi Köçkünlərin Hüquqlarının Müdafiəsi” İctimai Birliyinin sədri, professor Nadir Abdullayev BMT-nin araşdırmalarına əsasən son 35 ildə öz vətənlərindən kənarda yaşayan insanların sayının iki dəfədən çox artaraq 200 milyona çatdığını deyib: “Bu gün dünyada hər 35 nəfərdən biri miqrantdır”.

Təşkilatın eksperti Dəyanət Musayev isə miqrantların əsasən 3 qrupa bölündüyü söyləyib. Birinci qrupa əmək fəaliyyəti ilə məşğul olmaq üçün gələn miqrantlar daxildir ki, onlar əməkçi miqrantlar adlanır. Digər qruplara isə qaçqın statusu almaq üçün gələnlər və Azərbaycan ərazisindən tranzit kimi istifadə etmək istəyənlər daxildir. D. Musayev Azərbaycana gələn miqrantların əksəriyyətinin məhz əməkçi miqrantlar olduğunu bildirib: “Qlobal maliyyə böhranı nəticəsində dünyada miqrantların, xüsusilə də əməkçi miqrantların sayı artır. BMT-nin son hesablamalara əsasən qlobal maliyyə böhranı 50 milyon iş yerinin itirilməsinə səbəb olub. Hazırda 100 milyona yaxın insan ifrat yoxsulluq şəraitində yaşayır”.

Ekspert Azərbaycanda miqrantların sayının artmasına səbəb kimi bu il Moskva şəhərindəki "Çerkizov" bazarının bağlanmasını da qeyd edib.

Tədbirdə çıxış edən Dövlət Miqrasiya Xidmətinin miqrasiya siyasəti şöbəsinin müdir müavini Vahid Qəhrəmanov 2009-cu ildə Dövlət Miqrasiya Xidmətinə 7000-ə yaxın əcnəbi və vətəndaşlığı olmayan şəxsin müraciət etdiyini, bu müraciətlərin araşdırıldığını və müvafiq qərarların qəbul olunduğunu açıqlayıb.

Daha sonra Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin miqrasiya idarəsi şöbəsinin sektor müdiri Fuad Cabbarov, “İnsan Hüquqları üzrə İctimai Şura”nın icraçı direktoru Arzuxan Əlizadə, Beynəlxalq Miqrasiya Təşkilatının layihə rəsmisi Səltənət Məmmədova, Azərbaycandakı çeçen icmasının nümayəndəsi Xamzat İlyasov, Ombudsman Aparatından Müqalib Mahmudov, Azərbaycan Miqrasiya Mərkəzinin prezidenti Əlövsət Əliyev, Ahıska türklərinin “Vətən” Cəmiyyətinin sədri İbrahim Burhanov, AMEA İnsan Haqları İnstitunun rəsmisi Musa Musayev və başqaları mövzu ətrafında çıxış ediblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR