Bank Of Baku

Tərtərdə Regional Peşə Təlim Mərkəzinin təməli qoyulub

Tərtərdə Regional Peşə Təlim Mərkəzinin təməli qoyulub
# 28 oktyabr 2009 14:46 (UTC +04:00)
Tərtər-APA. Tərtərdə mina qurbanları və müharibədən zərərçəkənlər üçün Regional Peşə Təlim Mərkəzinin təməli qoyulub. Beynəlxalq Avrasiya Mətbuat Fondunun informasiya departamentindən APA-ya verilən məlumata görə, mərasimdə ABŞ Dövlət Departamenti Hərbi-Siyasi İşlər Bürosu Silahların Ləğvi və Qadağan Edilməsi İdarəsinin əməkdaşı xanım Debora Netland, ABŞ Prezident İdarəçilik Cəmiyyətinin əməkdaşı Darren Manninq də iştirak edib. Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri Umud Rəhimoğlu xanım Debora Netlandın BAMF-ın həyata keçirdiyi layihənin icrası ilə tanış olmaq üçün gəldiyini deyib: “Beynəlxalq Avrasiya Mətbuat Fondu bu il iyulun 1-dən “Azərbaycanın Tərtər rayonunda mina qurbanları və minadan zərərçəkənlər üçün peşə təlimi mərkəzinin yaradılması” layihəsinin icrasına başlayıb. Layihə ABŞ Dövlət Departamenti Hərbi-Siyasi Məsələlər Bürosunun Silahların Ləğvi və Qadağan Edilməsi İdarəsinin qrant vəsaiti hesabına həyata keçirilir. 2010-cu ilin sonunadək icra ediləcək layihənin əsas məqsədi regionda iş imkanları yaratmaq, minadan və müharibədən zərərçəkənlərin cəmiyyətə reinteqrasiyasına yardımçı olmaqdır. Layihənin fəaliyyət planına əsasən, artıq xeyli işlər görülüb. Layihə çərçivəsində Tərtər rayonunda yaradılacaq Regional Peşə Təlim Mərkəzi yeni vərdişlərin, bacarıqlarının öyrədilməsi istiqamətində özünəməxsus bir biznes məktəbi olacaq. Yaradılacaq Peşə Təlimi Mərkəzində xalçaçılıq, reklam-dizayn, rəngsazlıq, mənzil-dekorasiya işləri və digər peşələr üzrə təlimlər keçiləcək. Sonra isə iştirakçıların bacarıqlarına uyğun olaraq işlə təmin olunmalarına köməklik göstəriləcəkdir”.

U. Rəhimoğlu qonaqlara otaqlar, konfrans zalı, anbar, mətbəxdən ibarət iki mərtəbəli Regional Peşə Təlim Mərkəzinin layihə planının göstərildiyini deyib: “Biz Peşə Təlim Mərkəzinin layihəsini onlara təqdim etdik. Qeyd edim ki, Peşə Təlim Mərkəzinin tikiləcəyi ərazi Tərtər rayonu İcra Hakimiyyəti tərəfindən bizə təqdim olunub. İcra orqanları tikinti üçün vacib olan bütün lazımi faktorları - əsas yola yaxınlığı, su mənbəyini, elektriki və təlimə cəlb olunacaq insanların təsərrüfat təcrübəsi üçün ayrılmış torpağa çıxış imkanını nəzərə alıblar”. Səfər zamanı Debora Netlanda BAMF-ın təsisçiliyi ilə yaranan “Azərbaycanda Minadan Zərərçəkənlərin Assosiasiyası” və Avrasiya Kredit MMC-nin fəaliyyəti barədə geniş məlumat verilib. O, hər iki qurumun fəaliyyətindən məmnun qaldığını vurğulayıb. Sonra Peşə Təlim Mərkəzinin tikiləcəyi əraziyə baxış keçirilib, əraziyə təməl lövhəsi basdırılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR