Bank Of Baku

Noyabr ayında Azərbaycan ərazisində havanın orta aylıq temperaturu iqlim normasına yaxın olacaq

Noyabr ayında Azərbaycan ərazisində havanın orta aylıq temperaturu iqlim normasına yaxın olacaq
# 02 noyabr 2009 09:44 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva - APA. Noyabr ayında Azərbaycan ərazisində havanın orta aylıq temperaturunun kiçik mənfi və müsbət fərqlə iqlim normasına yaxın olacağı gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyevin APA-ya verdiyi məlumata görə, ay ərzində yağıntıların respublika üzrə qeyri-bərabər paylanması gözlənilir. Orta hesabla aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi dağlıq və dağətəyi rayonlarda normadan çox, ayrı-ayrı aran rayonlarında isə normadan az olacağı ehtimal olunur.

Noyabr ayı ərzində Bakı və Abşeron yarımadasında havanın orta aylıq temperaturunun 10-12 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və 1 dərəcə yüksəkdir. Gecələr havanın temperaturu 6-11 dərəcə, gündüzlər 13-16 dərəcə, ayrı-ayrı günlərdə 10 dərəcəyə yaxın isti təşkil edəcək. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 23-38 mm) olacağı proqnozlaşdırılır.

Naxçıvan Muxtar Respublikasında havanın orta aylıq temperaturunun 5-8 dərəcə isti təşkil edəcəyi gözlənilir ki, bu da iqlim normasına yaxındır. Gecələr havanın temperaturu 1-5 dərəcə isti olacaq, ayrı-ayrı günlərdə temperatur mənfi 1-5 dərəcəyədək enəcək. Gündüzlər 10-15 dərəcə isti gözlənilir. Yağıntının aylıq miqdarının iqlim normasına yaxın (norma 18-28 mm) olacağı gözlənilir.

Yuxarı Qarabağ-Xankəndi, Xocavənd, Zəngilan, Qubadlı, Şuşa, Xocalı, Laçın, Kəlbəcər, Daşkəsən-Gədəbəy zonalarında havanın orta aylıq temperaturunun 3-4 dərəcə isti olacağı proqnozlaşdırılır ki, bu da iqlim normasına yaxındır. Gecələr havanın temperaturu 1-4 dərəcə isti olacaq, ayrı-ayrı günlərdə temperatur mənfi 1-5 dərəcəyədək enəcək. Gündüzlər 5-10 dərəcə, ayrı-ayrı günlərdə 1-4 dərəcə isti olacaq. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 27-34 mm) olacağı gözlənilir.

Qazax-Gəncə, Goranboy, Tərtər, Ağdam-Ağcabədi-Füzuli-Cəbrayılda havanın orta aylıq temperaturunun 6-8 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Gecələr 2-7 dərəcə isti, ayrı-ayrı günlərdə 0-2 dərədə şaxta təşkil edəcək. Gündüzlər 11-16 dərəcə isti, ayrı-ayrı günlərdə 7-9 dərəcə isti gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 15-24 mm) olacağı proqnozlaşdırılır.

Balakən-Şəki-Zaqatala-Oğuz-Qəbələ, Şamaxı-İsmayıllı, Xızı, Siyəzən-Dəvəçi, Quba-Qusar-Xaçmazda havanın orta aylıq temperaturunun 5-8 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Gecələr 2-5 dərəcə isti olacaq, ayrı-ayrı günlərdə temperatur mənfi 2-5 dərəcəyə enəcək. Gündüzlər 9-14 dərəcə isti olacaq, ayrı-ayrı günlərdə 5-8 dərəcə isti olacaq. Yağıntının aylıq miqdarının iqlim normasına yaxın (norma 29-73 mm), bəzi yerlərdə isə bir qədər çox olacağı gözlənilir.

Mərkəzi Aran rayonlarında – Ağdaş, Mingəçevir, Yevlax, Kürdəmir, İmişli, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Salyan, Hacıqabul, Neftçalada havanın orta aylıq temperaturunun 8-10 dərəcə isti olacağı ehtimal edilir ki, bu da iqlim normasına yaxındır. Gecələr 4-9 dərəcə isti, ayrı-ayrı günlərdə 1-3 dərəcə isti gözlənilir. Gündüzlər 13-18 dərəcə isti, ayrı-ayrı günlərdə 10 dərəcəyə yaxın isti olacaq. Yağıntının aylıq miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər az (norma 25-45 mm) olacağı proqnozlaşdırılır.

Masallı-Lənkəran-Astara, Lerik-Yardımlıda havanın orta ayrıq temperaturunun 9-11 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Gecələr 4-8 dərəcə isti olacaq, ayrı-ayrı günlərdə dağlarda temperatur mənfi 1-5 dərəcəyədək enəcək. Gündüzlər 12-17 dərəcə isti, ayrı-ayrı günlərdə 10 dərəcəyə yaxın isti gözlənilir. Yağıntının aylıq miqdarının iqlim normasına yaxın (norma 55-170 mm) olacağı proqnozlaşdırılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR