Bank Of Baku

“Donuz qripi” təhlükəsi Azərbaycanla Ukrayna arasında nəqliyyat əlaqəsinə təsir göstərməyib

“Donuz qripi” təhlükəsi Azərbaycanla Ukrayna arasında nəqliyyat əlaqəsinə təsir göstərməyib
# 03 noyabr 2009 12:21 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva, Nicat Mustafayev – APA. Ukraynada A/H1N1 virusunun (“donuz qripi”) pandemiya xarakteri almasından sonra bir sıra ölkələr bu ölkə ilə gediş-gəlişi məhdudlaşdırıb. Ukrayna ilə ümumi sərhədi olan ölkələrdən bəziləri sərhədi bağlayıb, mövcud olan nəqliyyat əlaqələrini müvəqqəti kəsib. Son məlumatlara əsasən, Ukraynada son bir neçə gündə 70-dən artıq adam dünyasını dəyişib.

Lakin Ukraynada vüsət alan «donuz qripi» Azərbaycanla Ukrayna arasındakı nəqliyyat əlaqəsinə təsir göstərməyib. «Azərbaycan Hava Yolları» QSC-nin xidmət rəisi Məhərrəm Səfərlinin APA-ya verdiyi məlumata görə, Heydər Əliyev Beynəlxalq Hava Limanında bütün aviareyslər, o cümlədən Ukraynaya və əks istiqamətdə uçuşlar adi qaydada yerinə yetirilir. M. Səfərli qeyd edib ki, hava limanında Yaponiya istehsalı olan 6 ədəd xüsusi avadanlıq quraşdırılıb ki, bütün sərnişinlər həmin avadanlıqdan keçərək yoxlanılır: «Avadanlıqların 3-ü Şimal terminalda, 3-ü isə Cənub terminalda quraşdırılıb. Şübhəli xəstə aşkar olunduğu halda epidemiyaya qarşı ilkin profilaktika və müalicə tədbirləri görülür. Bunun üçün təlimat metodik məlumatlar toplanıb».

Hazırda Bakı-Kiyev marşrutu üzrə sərnişin aviareyslərini yerinə yetirən «Ukraynskiye avialinii» şirkətindən də APA-ya bildirilib ki, hazırda sözügedən marşrut üzrə aviareyslər tam yerinə yetirilir: «Bakıdan Ukraynaya təyyarə hər həftənin II, III, V, VI və VII günləri saat 9:00-da yerinə yetirilir. Hazırda aviareysin yerinə yetirilməsində heç bir fasilə yaranmayıb».

«Azərbaycan Dəmir Yolları» QSC-nin xidmət rəisi Nadir Əzməmmədovun isə APA-ya açıqlamasında Bakıdan Kiyevə həftədə bir dəfə dəmir yolu vasitəsilə reys yerinə yetirildiyini deyib: «Bu gün sözügedən reys yola düşəcək. Yola düşməzdən öncə bütün vaqonlar dezinfeksiya olunur. Həmçinin qatar yola düşəndən sonra yol boyu - gündə 3 dəfə vaqonlarda dezinfeksiya işləri aparılır. Bakı-Kiyev qatar reysinin dayandırılması gündəmdə deyil».

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətinin mətbuat katibi Yolçu Xanvəli APA-ya bildirib ki, Ukraynadan Azərbaycana ərzaq və kənd təsərrüfatı məhsullarının gətirilməsinə qadağa qoyulmayıb: “Qadağanın qoyulmaması onunla bağlıdır ki, “donuz qripi” insandan insana keçir, onun ərzaqdan insana keçməsi isə müşahidə olunmayıb”.

Respublika Taun Əleyhinə Stansiyanın direktor müavini Şair Qurbanov APA-ya bildirib ki, yalnız Ukraynadan deyil, xəstəlik qeydə alınan digər ölkələrdən gələn sərnişinlər diqqətlə yoxlanılmalıdır: “Xəstəlik hava, damcı və kontakt yolu ilə keçir. Buna görə də xəstəlik geniş yayılan ölkələrə səfərlərdən çəkinmək tövsiyə olunur. Əksər ölkələrdə xəstəliyin yayılması məhz xaricdən gətirilmə qrip halları ilə bağlıdır. Buna görə də vətəndaşlar ciddi ehtiyac olmadığı hallarda xarici ölkələrə səfərlərdən çəkinməlidirlər”.

Səhiyyə Nazirliyinin sanitar epidemioloji sektorunun müdiri Viktor Qasımov isə APA-ya deyib ki, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) xəstəlik qeydə alınan ölkələrlə sərhədləri bağlamaqla əlaqədar heç bir tövsiyəsi yoxdur: “Biz vətəndaşlara qəti qadağa qoya bilmərik ki, hansısa ölkəyə getməsinlər. Bu, yalnız tövsiyə şəklində ola bilər”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR