Bank Of Baku

Qız Qalasının konservasiyası üzrə növbəti mərhələ başlayır

Qız Qalasının konservasiyası üzrə növbəti mərhələ başlayır
# 04 noyabr 2009 09:21 (UTC +04:00)
Bakı-APA. Azərbaycan paytaxtında Qız Qalasının konservasiyası üzrə növbəti mərhələ başlayır. Bu barədə APA-ya Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsindən bildirilib. Məlumata görə, Bakının rəmzi olan Qız Qalasının konservasiyası ilə bağlı hazırlıq işlərinə 2008-ci ildən başlanıb. Öncədən xarici mütəxəssislər tərəfindən abidənin vəziyyətinin diaqnostikası və ölçmə-tədqiqat işləri aparılmış və əldə olunmuş nəticələrə əsasən bərpa metodikası, tətbiq olunacaq texnologiya və materiallar müəyyənləşdirilib. “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi tərəfindən görülən işlər nəticəsində abidənin görkəminə xələl gətirən Qız Qalasının yan divarı üzrə baxış meydançasına qədər vaxtilə çəkilmiş qaz borusu sökülüb. Konservasiya işləri zamanı xüsusi diqqət abidənin üzərindən yağış sularının daxilə nüfuz etmədən kənara axıdılmasının təmin olunmasına və struktur dayanıqlığının təmin olunmasına yönəldiləcək. Bağlanan müqaviləyə müvafiq olaraq bərpa və konservasiya işlərini dünyanın ən məşhur tarixi abidələrini bərpa etmiş Almaniyanın “Remmers” şirkəti və Avstriyanın “Pumer” emalatxanası həyata keçirəcəklər.
Abidənin unikallığı və təkrarolunmazlığı nəzərə alınaraq, tam miqyaslı işlərə başlanmazdan əvvəl Qız Qalasının bərpadan sonrakı görünüşü haqqında təsəvvürün formalaşması məqsədilə onun cənub-qərb tərəfindəki sınaq sahəsinin cari ilin noyabr ayında konservasiyası aparılacaq.
Qoruq İdarəsi bu işləri yüksək səviyyədə, beynəlxalq təcrübənin və texnologiyanın tətbiqi vasitəsilə həyata keçirmək niyyətindədir. Konservasiya və bərpa işlərinin noyabr ayının sonunadək başa çatdırılması, növbəti mərhələdə isə alınmış nəticələrin qiymətləndirilməsinin həyata keçirilməsi nəzərdə tutulur. Qız Qalasının xarici görünüşünün və xüsusilə rəng çalarlarının son variantı səlahiyyətli ekspert komissiyası və ictimaiyyətin rəyi nəzərə alınmaqla müəyyənləşdiriləcəkdir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR