Bank Of Baku

Gürcüstanda yaşayan azərbaycanlıların miqrasiya problemlərinə həsr olunmuş dəyirmi masa keçirilib

Gürcüstanda yaşayan azərbaycanlıların miqrasiya problemlərinə həsr olunmuş dəyirmi masa keçirilib
# 04 noyabr 2009 11:06 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. Qafqaz Araşdırmalar Mərkəzinin təşkilatçılığı ilə Gürcüstanda yaşayan azərbaycanlıların miqrasiya problemlərinə həsr olunmuş dəyirmi masa keçirilib. APA-nın məlumatına görə, mərkəzin sədri Kamran Ramazanlı bildirib ki, Sovet İttifaqı dağıldıqdan sonra Gürcüstanda yaşayan azərbaycanlılara qarşı ayrı-seçkilik siyasəti daha da güclənib. O, buna misal kimi son illərin statistikasını iştirakçıların diqqətinə çatdırıb. Belə ki, 1989-cu ildə Gürcüstanda azərbaycanlıların 183 orta məktəbi, 6922 müəllimi, 49 min 805 şagirdi olsa da, hazırda 124 məktəb, 3492 müəllim, 27 min 442 şagird var.

Miqrantlara Hüquqi Yardım Mərkəzinin sədri Əlövsət Əliyev rəhbərlik etdiyi təşkilata müraciət edən Gürcüstan azərbaycanlılarının sayının son illər artığını söyləyib. O, Borçalıdan gələnlərin Azərbaycanda qaçqın statusu almasının böyük problem olduğunu vurğulayıb: “Onlar bununla bağlı dəfələrlə rəsmi qurumlara müraciət ediblər, amma hər dəfə bildirilir ki, Azərbaycanla Gürcüstan strateji müttəfiqdir və buna görə də həmin insanlara qaçqın statusu verilmir”.

Gürcüstan Azərbaycanlıları Konqresinin sədri Əli Babayev isə Gürcüstan hökumətinin azərbaycanlıların problemlərinin həlli istiqamətində heç bir addım atmadığını deyib. O, Gürcüstanda 10-a qədər Azərbaycan kəndinin tamamilə boşaldığını açıqlayıb: “Onlar Rusiya, Azərbaycan və Türkiyəyə gediblər”.

Dövlət Miqrasiya Xidmətinin miqrasiyaya nəzarət şöbəsinin müdiri Elman Əliyev isə bildirib ki, təmsil etdiyi qurum qanunlar çərçivəsində fəaliyyət göstərir. Onun sözlərinə görə, qaçqın statusu almaq və müvəqqəti yaşamaq icazəsi vermək üçün lazım olan sənədlər xidmətə təqdim edilməlidir: “Bu sənədlərin qanunda nəzərdə tutulmuş siyahısı var. Bu sənədlər qaydasında olarsa, o zaman heç bir problem yarana bilməz”.

Tədbirdə iştirak edən digər şəxslər də mövzuya dair fikirlərini bildiriblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR