Bank Of Baku

Azərbaycan paytaxtındakı kafe, restoran və şadlıq saraylarında reyd keçirilib

Azərbaycan paytaxtındakı kafe, restoran və şadlıq saraylarında reyd keçirilib
# 05 noyabr 2009 07:20 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva - APA. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq və Ətraf Mühitin Mühafizəsi Departamentlərinin əməkdaşları tərəfindən Bakı şəhərində fəaliyyət göstərən kafe və restoranlarda reyd keçirilib. Nazirliyin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, reyd zamanı “Meridian”, “Niaqara”, “Çanaqqala” restoranları, “Xudafərin”, “Su Sonası” şadlıq sarayları, “Plaza” disko-barı və “Black Bird” gecə klubunda ekoloji qanunvericiliyin tələblərinə riayət olunmaması halları aşkar edilib.

Belə ki, səs-küy səviyyəsinin norması 65 dB olduğu halda, Nizami rayonu ərazisində yerləşən “Xudafərin” şadlıq sarayında səs-küy səviyyəsinin maksimal göstəricisinin 82 dB (normadan 1,26 dəfə artıq), “Meridian” restoranında 89 dB (normadan 1,37 dəfə artıq), “Plaza” disko-barında 92 dB (normadan 1,41 dəfə artıq), Nəsimi rayonu ərazisində yerləşən “Black Bird” gecə klubunda 88 dB (normadan 1,35 dəfə artıq), “Niaqara” restoranında 87 dB (normadan 1,34 dəfə artıq), Nərimanov rayonu ərazisində yerləşən “Çanaqqala” restoranında 88 dB (normadan 1,35 dəfə artıq), “Su Sonası” şadlıq sarayında 91 dB (normadan 1,4 dəfə artıq), Səbail rayonu ərazisində yerləşən “La Paris” restoranında isə 85 dB (normadan 1,31 dəfə artıq) olduğu aşkarlanıb.

Keçirilmiş reyd zamanı hüquqi və fiziki şəxslər tərəfindən yol verilmiş qanun pozuntularına görə protokollar tərtib olunub, qeyd olunan restoran və kafelərin müdiriyyətləri barəsində inzibati qaydada cərimə qərarları tətbiq edilib.

Məlumatda bildirilir ki, insan sağlamlığına mənfi təsir göstərən vibrasiya və səs-küy çirklənməsinin əsas səbəbləri kimi avtonəqliyyat vasitələrində quraşdırılmış müxtəlif növ gücləndirici siqnalları, toy və yas mərasimlərində istifadə olunan səs gücləndiricilərini göstərmək olar ki, bu da vətəndaşların haqlı narazılığına səbəb olur.

Səs-küy insan sağlamlığına da neqativ təsir göstərir. 35-60 dB diapazonda səs insan orqanizminə fərdi olaraq həm mənfi təsir edə, həm də təsirsiz qala bilər. 70-90 dB diapazonlu səsin uzunmüddətli təsiri mərkəzi sinir sisteminin xəstəliklərinə, 100 dB və daha yüksək diapazonlu səs isə eşitmə qüsurlarının yaranmasına və hətta karlığa səbəb ola bilər.

Qeyd edək ki, reyd prezidentin “Ətraf mühitə və insan sağlamlığına mənfi təsir göstərən vibrasiya və səs-küy çirklənmələri normaları” Fərmanının icrasının təmin edilməsi məqsədilə keçirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR